"Radikal qruplaşmaların siyasətə gəlməsi gözlənilməz nəticələr verir"
Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə ərəb ölkələrindən olan alimlər, diplomatlar, Azərbaycan XİN-nin nümayəndələri, ərəbşünaslar iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Ərəb baharı" və onun nəticələrindən danışaraq bildirib ki, bu hadisələr son 2-3 il ərzində bir çox alimlərin, filosoflarını narahat edir: "Ərəb baharı" 1974-cü ildən başlamış üçüncü demokratik dalğanın bir davamı idi, tamamilə yeni bir məkanda başlayıb və yeni nəticələrlə yekunlaşmalı idi. "Ərəb baharı" başladığı zaman ərəb küçəsində gözləntilər çox geniş idi. Bir çox insanlar bunu böyük geosiasi oyunun tərkib hissəsi kimi qiymətləndirdilər. Bəzi insanlar bunu yeni demokratikləşmənin başlanğıcı kimi, digər qismi tənəzzülün başlanğıcı kimi, bir qismi isə dünya xəritəsinin yenidən cızılması kimi qiymətləndirirdilər. Amma bir neçə il ötdükdən sonra, "Ərəb baharının" nə olduğu haqda suallar hamını narahat etməyə başladı".
E.Aslanov çıxışında əlavə edib ki, "Ərəb baharı"nın demokratikləşmə olduğunu deyənlər bir şeyi unutmamalıdırlar ki, demokratikləşmə həmin cəmiyyətin iqtisadi, siyasi, tarixi inkişafı ilə bərabər keçirilməlidir: "Təəssüf ki, bəzi ölkələrdə radikal qrupların fəallaşaraq siyasətə gəlməsi gözlənilməz nəticələrlə yekunlaşa bilər. Bu baxımdan İslamın nüfuzuna müəyyən bir mənada mənfi təsir var. İslamın və islamofobiyanın müxtəlif cəmiyyətlərdə, ölkələrdə geniş yer alması bizi təəssüfləndirir".
Daha sonra çıxış edən Ərəb Dövlətləri Liqasının Türkiyədəki missiyasının rəhbəri Məhəmməd əl-Fəttah Nəsiri də "Ərəb baharı" barədə öz fikirlərini bildirərək deyib ki, bu hadisələr bəşəriyyət miqyasındadır. Onun sözlərinə görə, bir neçə ölkələrdə inkişafa, islahata yönələn çıxışlar sonradan silahlı toqquşmalar formasını alıb.
SAM-ın direktoru Fərhad Məmmədov isə bildirib ki, onun rəhbərlik etdiyi qurum illər ərzində ənənəvi olaraq bu cür araşdırmalar keçirir.
Tədbir sessiyalarda müzakirələrlə davam edəcək və noyabrın 8-i tamamlanacaq.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB