Mübariz Qurbanlı: “AXCP və Müsavatın rəhbərlərinin vəzifələrində qalması təəccübləndirici haldır”
"Son zamanlar müxalifət partiyalarından istefalar kütləvi hal alıb. Həmçinin, İsa Qəmbərin partiya başqanlığından gedəcəyi məsələsinin gündəmə gətirilməsi radikal müxalifətin acınacaqlı duruma düşdüyünün bariz nümunəsidir". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı SİA-ya açıqlamasında bildirib.
M.Qurbanlı müxalifətin radikal qanadının 9 oktyabr prezident seçkilərində ağır məğlubiyyətə uğradığını xatırladıb və bildirib ki, seçicilərin mütləq əksəriyyəti müxalifəti rədd edərək, Prezident İlham Əliyevin siyasi xəttinə səs verdi: "Dünyanın hər yerində seçki prosesindən sonra seçkilərdə iştirak edən siyasi partiyalar onun nəticələrinə uyğun qərarlar qəbul edirlər. Yəni, bu gün müxalifətin radikal qanadı faktiki olaraq iflasa uğrayıb. Belə olan halda, iflasa uğrayan müxalifətin başında duran şəxslər məntiqi olaraq istefa etməlidirlər."
Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərlərinin vəzifələrində qalmasının olduqca təcübləndirici hal olduğunu deyən YAP rəsmisi onu da bildirib ki, bu adamlar seçkidə "Milli Şura" deyilən qurumu yaradaraq Cəmil Həsənlinin simasında namizəd irəli sürməklə məğlubiyyətlərini rəsmiləşdirdilər: "Çünki hər kəs bilirdi ki, C.Həsənli Əli Kərimli və İsa Qəmbərin ortaya atdığı namizəddir. Heç bir nəticə əldə edə bilməyən müxalifətin radikal qanadı iflasa uğradı. Ona görə də müxalifət partiyasından istefaları təbii proses kimi qiymətləndirirəm. İstefa edən insanlar partiya rəhbərlərinin özlərindən başqa heç nə düşünmədiklərini görərək bu addımı atmağa məcbur oldular. Nə qədər ki, bu partiyalar radikal çağırışları öndə tutacaqlar onlar heç bir nailiyyət əldə edə bilməyəcəklər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB