QDİƏT bəyanat yayıb Aureliya Qriqoriu hücuma məruz qalıb

QDİƏT bəyanat yayıb Aureliya Qriqoriu hücuma məruz qalıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin QHT Forumu Moldovanın ombudsmanı Aureliya Qriqoriunun bu ilin iyulunda Yerevanda keçirilən Ümumavropa Konfransında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və Xocalı qətliamını ermənilərin törətməsi və bunun beynəlxalq aləmdə soyqırımı kimi tanınması barədə çıxışından sonra ermənilərin təzyiqinə və təqibinə məruz qalmasından narahatlığını bildirən bəyanat yayıb.

Bəyanatda deyilir ki, Aureliya Qriqoriu xüsusilə Ermənistan parlamentinin sədr müavini Hermine Nağdalyan tərəfindən hücuma məruz qalıb.

Hadisədən sonra xanım Qriqoriu belə bir bəyanat verib: "Məruzəmdə təqdim etdiyim məlumat mənim spekulyativ fikirlərim deyildi. Mən BMT Təhlükəsizlik Şurasının materialından istifadə etmişəm və heç bir yeni söz deməmişəm. Bu informasiya geniş ictimaiyyətə yaxşı məlumdur. Heç təsəvvürümə də gətirə bilməzdim ki, bu hadisə belə bir qalmaqaladək böyüyəcəkdir... Mənim yeganə məqsədim ictimai diqqəti dondurulmuş münaqişə zonalarında insan hüquqlarının pozulmasına yönəltmək və insan hüquqları müdafiəçilərinin mövqeyini ifadə etmək idi."

Bəyanatda bildirilir ki, çıxış etdikdən sonra xanım Qriqoriunun ünvanına həm telefon, həm də sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə davamlı olaraq hədə-qorxular gəlməyə başlayıb. Təhdid və təzyiqlər yalnız Ermənistan hakimiyyətindən deyil, həm də Moldovadakı erməni diasporundan gəlməkdədir. Yerevandakı çıxışına görə Moldovadakı erməni diasporu ombudsmanın ləyaqətini alçaltmağa və insan haqları üzrə müvəkkil kimi nüfuzuna zərbə vurmağa çalışır, eləcə də ona və ailə üzvlərinə qarşı psixoloji təzyiq göstərir.

QİƏT ölkələrinin QHT Forumunun nümayəndələri Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına Ermənistanın göstərdiyi münasibəti qətiyyətlə pisləyirlər. Forum nümayəndələri, həmçinin təsdiq edirlər ki, Aureliya Qriqoriunun Yerevanda və vətəni Moldovada üzləşdiyi təqib və təzyiq Ermənistan hökumətinin Dağlıq Qarabağla bağlı siyasətində heç bir güzəştə getməməkdə israrlılığını və gələcəkdə mümkün ola biləcək həll variantları üçün demək olar ki, heç bir imkan tanımadığını göstərir.

Moldova ombudsmanı Aureliya Qriqoriunun məlum bəyanatı riyakarlıqdan uzaq bir həqiqəti üzə çıxardı. O, insan hüquqlarını dəstəkləmiş və Ermənistanın işğalı nəticəsində faciələrlə üzləşmiş insanları müdafiə edib. Buna görə də xanım Aureliya Qriqoriunun beynəlxalq ictimaiyyət tərəfindən hərtərəfli dəstəklənməsi və ona qarşı təzyiq və təqiblərin qətiyyətlə pislənməsi çox önəmlidir.

Bəyanatda deyilir: "Biz qəti şəkildə israr edirik ki, beynəlxalq təşkilatlar Moldova ombudsmanının Ermənistanda üzləşdiyi vəziyyətlə bağlı daha sərt mövqe ortaya qoysun. Biz gözləyirik ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, ATƏT və BMT xanım Qriqoriunun hüquqlarını qorumaq üçün konkret addımlar atacaqlar. Gələcəkdə bu cür halların baş verməsinin qarşısının alınması üçün bu hadisəyə dərhal qiymət verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə