XİN: “Artıq beynəlxalq hüquq Azərbaycan tərəfindən çıxış edir” MÜNASİBƏT

XİN: “Artıq beynəlxalq hüquq Azərbaycan tərəfindən çıxış edir” MÜNASİBƏT

"ATƏT-in Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regiona səfər edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq görüşlərini keçirirlər. Bu gün Azərbaycan xalqı, cəmiyyəti həmsədrlərdən daha qətiyyətli, cəsarətli və nəticəyönlü fəaliyyət gözləyir. Təbii ki, bu olmadıqda həmsədrlərin vasitəçilik istiqamətindəki səyləri, Azərbaycan xalqı tətəfindən şübhə altına alınır". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfən səfər etməsinə münasibət bildirərkən deyib.

"Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycan tərəfi bundan öncəki görüşlərdə də daimi olaraq konkret təkliflərlə çıxış edib. Buna misal olaraq Sülh Sazişinin imzalanmasını və yenilənmiş Madrid prinsipləri əsasında Yol xəritəsi qaydasında münaqişənin həllini göstərə bilərik. Bunlar olduqca proqmatik təkliflər olub. Eləcə də Azərbaycanın iqtisadi potensialının Ermənistan tərəfindən istifadə edilməsi imkanları, kommunikasiyaların bərpası, icmalararası görüşlərin keçirilməsini onlara təklif edib. Baxmayaraq ki, Ermənistan bu təkliflərin bəziləri ilə qisməndə olsa razılaşıb, amma çox qısa bir zamanda işğalçı ölkə öz fikrindən daşınıb. Təbii ki, bu, növbəti problemin mövcudluğuna və Ermənistanın müstəqil olmamasına işarədir. Bu kimi zəif dövlətlər daimi olaraq müxtəlif xarici dairələr tərəfindən idarə olunur. Azərbaycan dövləti qısa bir zamanda topraqlarını, ərazi bütövlüyünü və suverenliyini bərpa etmək niyyətindədir" - deyə, Elman Abdullayev əlavə edib.

XİN sözçüsü deyib ki, artıq beynəlxalq hüquq Azərbaycan tərəfindən çıxış edir: "Bu gün dünyada elə bir beynəlxalq təşkilat yoxdur ki, Ermənistanın təcavüzkar siyasətini qınamasın. Bu onu göstərir ki, ölkəmizin hüquqi mövqeləri gücləndikcə işğalçı ölkənin təcavüzkar siyasətinə siyasi və hüquqi qiymətin verilməsi prosesi də baş verir. Təbii ki, Azərbaycan diplomatiyası bu istiqamətdə öz fəaliyyətini daha da gücləndirəcək".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəlində Azərbaycana gələcək. Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranan vəziyyət müzakirə olunacaq. Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir. Onlar Bakıdan Ermənistana yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə