Əli Həsənov: "Bu, bütövlükdə Azərbaycanın və türk dünyasının problemidir"

Əli Həsənov: "Bu, bütövlükdə Azərbaycanın və türk dünyasının problemidir"

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, lll Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar şəhid olmuş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və Zəngilanın tarixi haqqında filmə baxıblar.

Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək deyib ki, rayon 233 şəhid verib: "1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi".

Diqqətə çatdırılıb ki, hələ də öz yurd-yuvalarından didərgin düşən zəngilanlılar həmin günlərin ağrı-acısı ilə yaşayırlar.

Daha sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, xalqla prezident arasında çox gözəl birlik mövcuddur: "Cənab Prezident hər zaman qaçqın və məcburi köçkünlərə öz diqqət və qayğısını göstərir. Onların mənzil şəraiti getdikcə yaxşılaşdırılır. Hesab edirəm ki, biz artıq cənab Prezidentin rəhbərliyi altında öz torpaqlarımızı işğal etməyə hazır olmalıyıq. Bu, bütövlükdə Azərbaycanın və türk dünyasının problemidir".

Qeyd edək ki, mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə