"Bakı Gənclər Klubu" İctimai Birliyi üzvləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Vətəni qoruyan və yaşadan - qəhrəmandır!" adlı layihəsi çərçivəsində Füzuli rayonuna səfər ediblər. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi rayonda yaşayan Qarabağ müharibəsinin iştirakçıları, müharibə veteranları və şəhid ailələri ilə görüşmək, Qarabağ müharibəsi və Azərbaycan döyüşçülərinin müharibədə göstərdikləri qəhramanlıqlar barədə daha ətraflı məlumatlar toplamaqdır.
Füzuli rayonunda təşkil olunmuş görüşdə Füzuli döyüşçüləri, şəhid ailələrinin nümayəndələri ilə yanaşı rayon ziyalıları və gəncləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov açıb. O, layihənin məqsəd və məramı barədə məlumat verib, layihənin gənclər və cəmiyyət üçün əhəmiyyəti haqqında danışıb, tədbir iştirakçılarına və yaradılmış şəraitə görə yerli icra orqanlarına minnətdarlığını bildirib. Daha sonra çıxış edən layihənin eksperti, Bakı Dövlət Universitetinin dossenti Atamoğlan Məmmədli Qarabağ müharibəsinin gedişində Füzuli döyüşçülərinin göstərdikləri qəhrəmanlıqlar, Füzuli cəbhəsində gedən döyüşlər və s. barədə məlumat verib.
Daha sonra görüşdə iştirak edən Qarabağ müharibəsi veteranları öz xatirələrilə gənclərlə bölüşmüş, bir sıra döyüş əməliyyatları, müxtəlif döyüşçülərimizin qəhrəmanlıqları və düşmənin vəhşilikləri barədə məlumatlar vermiş və layihə iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, "Vətəni qoruyan və yaşadan qəhrəmandır!" layihəsinin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş qəhrəmanlarımızı daha yaxından tanımaq və ictimaiyyətə tanıtmaqdan ibarətdir. Layihə şərçivəsində təlimlərin və respublikamızın müxtəlif regionlarına səfərlərin təşkil edilməsi, layihənin sonunda isə toplanmış məlumatların əks olunduğu müxtəlif vəsaitlərin çapı nəzərdə tutulub.
"Bakı Gənclər Klubu" İctimai Birliyi 1994-cü il yanvarın 29-da təsis edilmiş və həmin ilin 4 may tarixində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. "Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ) və "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu"nun təsisçisi və fəal üzvüdür.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB