Səbail rayonunda fəal gənclərlə görüş keçirilib

Səbail rayonunda fəal gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ali, orta ixtisas müəssisələrinin tələbələri, sənaye, mədəniyyət, elm və təhsil sahəsində çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və digər sahələri təmsil edən gənclərin nümayəndələri iştirak ediblər.

Mərasimi açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova əvvəlcə oktyabr ayının 9-da ölkəmizdə keçirilən prezident seçkilərində ölkə başçısı cənab İlham Əliyevin inamlı qələbə qazanması ilə əlaqədar gəncləri təbrik edib, onların adından yekdilliklə dəstəklədikləri və səs verdikləri Prezident İlham Əliyevə xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə Ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Xalidə Bayramova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri, sosial yönümlü tədbirlərin həyata keçirilməsi sayəsində Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda əldə olunmuş nailiyyətlər barədə məlumat verib: "Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsi kimi bir çox gənclərimiz dövlət hesabına xaricdə təhsil alır. Onların aldığı bilik və əldə etdikləri təcrübə Azərbaycanın gələcək inkişafına yönəldiləcək, bu da ölkəmizi daha da gücləndirəcək. Ölkədə gənclərlə bağlı qəbul olunan qərar və sərəncamlar gənclərin cəmiyyətdə öz yerlərini tutmağa köməklik göstərir. Hər il minlərlə yeni-yeni iş yerləri yaradılır, gənclərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün tədbirlər görülür. İdman, elm və mədəniyyət sahələrinə dövlət qayğısı artırılır".

Natiq gənclərə biliklərini artırmağa, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyyə edib və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirib.

Daha sonra YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində gördüyü böyük işlərdən danışıb: "Ulu Öndərin əsasını qoyduğu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub. Məhz bunun nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş seçkilərdə xalqımız bir daha İlham Əliyevə yüksək etimad göstərərək onu yenidən Prezident seçib".

Sonda YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Fərəcov söz alaraq Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması ilə əlaqədar gəncləri təbrik edib. O, gənclərimizin hər zaman dövlətimizin başçısının siyasətini yekdilliklə dəstəkləyəcəklərini bildirib.

Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə