“Azərbaycan demokratiyanın tərkib hissələrini tam şəkildə cəmləşdirir”
ABŞ-da çıxan nüfuzlu "The Washington Times" qəzetində Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun "Azərbaycan demokratiyanın tərkib hissələrini tam şəkildə cəmləşdirir" sərlövhəli məqaləsi dərc edilib.
Elin Süleymanov strateji tərəfdaşlıq barədə söhbət açaraq yazır ki, Azərbaycan və Birləşmiş Ştatlar beynəlxalq terrorizmə qarşı mübarizədən başlamış Əfqanıstanda "çiyin-çiyinə" xidmətə qədər dünyanın ən böhranlı problemləri üzərində birgə işləyirlər. Onlar 2014-cü ildə koalisiya qoşunları Əfqanıstandan çıxarılandan sonra əfqan xalqı üçün dinc gələcəyin təmin edilməsi üçün səy göstərirlər. Səfir vurğulayır: qeyd etmək lazımdır ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda işi davam etdirməyə hazır olan azsaylı ölkələrdən biridir. NATO-nun şimal paylaşdırma şəbəkəsi vasitəsilə Əfqanıstana göndərdiyi yüklərin 40 faizə qədəri bu şəbəkədən keçir. E.Süleymanov yazır: "Ölkələrimiz həm də Xəzər dənizindən çıxarılan təbii qazın strateji əhəmiyyətli Cənub qaz dəhlizi, o cümlədən Transadriatik qaz kəməri vasitəsilə Avropa bazarlarına nəql edilməsi yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün əlbir işləyirlər. Bu yaxınlarda elan edilmiş Transadriatik qaz kəməri layihəsi ABŞ tərəfindən ruh yüksəkliyi ilə dəstəklənmişdir".
Bir məqam xüsusi qeyd edilməlidir ki, Azərbaycan müsəlman ölkəsi kimi xalqlar arasında mədəniyyətlərarası dialoqu tam dəstəkləyir və İsrailin etibarlı dostudur. ABŞ ilə Azərbaycanın tərəfdaşlığı regionda həyata keçirilən dəyişikliklərdə mühüm rol oynayıb. Bu tərəfdaşlıq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinə yönəlmiş beynəlxalq səylərin ayrılmaz tərkib hissəsi kimi qalır. Səfir bildirib ki, həmin münaqişə nəticəsində yüz minlərlə Azərbaycan vətəndaşı məcburi köçkünə çevrilib. Bu tərəfdaşlıq prezident seçkilərində səs vermiş Azərbaycan xalqının konsepsiyasının tərkib hissəsidir. Azərbaycanın ABŞ-dakı diplomatının məqaləsində deyilir: "Seçkilərdə siyasi sürprizlər olmayıb, çünki Prezident İlham Əliyev oktyabrın 9-da çox böyük üstünlüklə qalib gəlib. Siyasi icmalçıların əksəriyyəti, habelə çoxsaylı seçkiqabağı icmallar və rəy sorğuları cənab Əliyevin qələbəsini əvvəlcədən proqnozlaşdırmışdı".
E.Süleymanov qeyd edir ki, Azərbaycanın indiki Prezidentinin müxalifətçi namizədlərdən şəksiz üstünlüyü mürəkkəb bir regionda praqmatik və müstəqil fəaliyyət kursuna güvənən qətiyyətli rəhbərliyin, habelə ölkənin sürətli sosial-iqtisadi inkişafının nəticəsidir. Son onillikdə Azərbaycanda ÜDM üç dəfə artmışdır. Bundan əlavə, müxalifət sıralarında çəkişmələr tarixçi Cəmil Həsənlinin "ehtiyat namizəd" qismində irəli sürülməsi ilə başa çatdı, nəticədə o, Prezidentə real siyasi rəqib ola bilmədi və gözlənildiyi kimi, Azərbaycan müxalifəti seçkilərdə uduzdu. Məqalə müəllifi daha sonra göstərir ki, yuxarıda qeyd edilənlərə baxmayaraq, kütləvi informasiya vasitələri seçkilərin nəticələrini işıqlandıran zaman çox vaxt bu reallıqları nəzərə almırlar. 5,1 milyon seçici qeydiyyata alındığı halda, seçki prosesi mütləq mənada mükəmməl ola bilməz. Lakin hər halda sonuncu seçkiləri 50 mindən çox müşahidəçi, o cümlədən dünyanın 100 ölkəsini, 50 beynəlxalq və qeyri-hökumət təşkilatını təmsil edən 1400 beynəlxalq müşahidəçi izləyirdi. Müxtəlif seçki məntəqələrində minə yaxın veb-kamera real zaman rejimində işləyirdi. Namizədlər seçki kampaniyalarını sərbəst keçirir, bütün ölkədə seçicilər qarşısında çıxış edir, televiziya debatlarında onların çıxış etmələrinə imkan yaradılırdı.
Seçkilər başa çatandan dərhal sonra beynəlxalq müşahidəçilərin çoxu, o cümlədən Avropa İttifaqından, Avropa Şurasından olan nümayəndə heyətləri və ATƏT-in müşahidəçilər missiyasının rəhbəri bu seçkiləri irəliyə doğru bir addım kimi səciyyələndiriblər. Onlar seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd etmiş və mövcud problemləri müzakirə etməyə çağırıblar.
Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tamamilə fərqli bir bəyanatla çıxış etmiş, seçkilər haqqında yetərincə mənfi hesabat təqdim etmiş və təəssüf ki, ABŞ Dövlət Departamenti də bu addımı təkrarlayıb. Əlamətdar haldır ki, cənab Əliyevə səs vermiş Azərbaycan vətəndaşları seçkilərin bu cür ziddiyyətli qiymətləndirilməsi ilə razılaşmırlar. Demokratiyalar plüralizm, müxtəliflik, tolerantlıq, cinslərin hüquq bərabərliyi və iqtisadi imkanlar kimi tərkib elementlərindən ibarət olur. E.Süleymanov məqaləsinin sonunda yazır: "Azərbaycan xalqı 1918-ci ildə əhalisinin əksəriyyəti müsəlmanlar olan ən birinci demokratik cümhuriyyət qurmuş, hələ ABŞ-dan xeyli əvvəl qadınlara bərabər seçki hüququ vermiş və bu fundamental əsasları təsdiqləmişdir. Bununla da Azərbaycan xalqı öz ölkəsi haqqında uzun müddət mövcud olan yanlış təsəvvürü təkzib edə bilmişdir. Bu gün də oxşar vəziyyət yaranmışdır. Biz ABŞ-Azərbaycan strateji tərəfdaşlığını möhkəmləndirməli, mövcud "rahat" stereotipləri qırmağa davam etməli və bu halda yeni stereotiplər yaratmamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB