Zahid Oruc parlamentdə tək oturması məsələsinə aydınlıq gətirdi
Bir neçə ay bundan əvvəl prezidentliyə namizədliyini irəli sürən millət vəkili Zahid Orucun ölkənin ali postuna iddiasını ortaya qoyması, təmsil olunduğu Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı tərəfindən mənfi qarşılandı, hətta münasibət bir qədər kəskin də oldu. Belə ki, Zahid Oruc təmsil olunduğu partiyanın tərkibindən çıxarıldı. Nəticə etibarilə, Z.Oruc seçkiyə AVP-nin sədr müavini kimi deyil, müstəqil namizəd kimi getdi. Parlamentin sentyabrın 30-da keçirilən iclasına qatılmayan millət vəkilinin seçkilərdən sonra harada oturacağı hər kəsə maraqlı idi. Nəhayət Milli Məclisin bugünkü iclasında hər kəsə maraqlı olan cavab tapıldı. Belə ki, bugünkü iclasda Zahid Oruc hər zaman oturduğu yerdə (Fəzail Ağamalının yanında otururdu) deyil, əksinə ön sırada və tək oturdu.

Zahid Oruc medianın xüsusi yer verdiyi bu məsələni SİA-ya şərh edərkən deyib ki, ona bu barədə suallar xeyli qəribə görünüb: "Birinci ona görə ki, əgər seçki dönəmində namizədliyimin irəli sürülməsinə keçmişdə təmsil olunduğumuz təşkilatdan verilən reaksiyalar və nəticə etibarı ilə hansı qərarın çıxarılması bilinirdirsə, bu fonda artıq yolların ayrılması bir fakt idi və bu mənim iradəmdən kənarda baş vermişdi. O zaman da mən bu məsələ üzərindən heç bir inciklik göstərmədən, keçmişdə bir yerdə addımladığım partiya yoldaşlarıma, o cümlədən həmin siyasi təşkilatın rəhbərliyinə ən yüksək hörmət və ehtiramımı ifadə etdim. Söylədim ki, bu mövzuda üzərimə hansı suallar və hətta çox kəskin mövqelərlə gəlinsə belə, mən namizədliyimi irəli sürdüyüm müddətdə baş verənləri başqa formada təftiş etməyəcəm".
O, həmçinin xüsusi olaraq vurğulayıb ki, onun tərəfindən siyasi keçmişinin əleyhinə, o təşkilatın ziddinə və onun rəhbərliyinin maraqlarına uyğun olmayan bəyanatlar, mövqelər və açıqlamalar olmayacaq: "Digər tərəfdən, bir qurumdan insan ayrılırsa və onun sıralarından azad olunursa, onun parlamentdə adekvat yerdə əyləşməsi çox məntiqlidir. Başqa nə cür ola bilərdi? Kimsə düşünürdü ki, mən gəlib orda əyləşməliyəm? Amma bunun üzərindən birmənalı söyləyirəm ki, heç bir düşmənçilikdən, xüsusi bir nifaqdan, bölünməz bir şeylərdən danışmaq olmaz. Mən bu məsələlərdə nə birinciyəm, nə də sonuncu! Yerim dəyişilsə də, əqidəm siyasi kursum və ən böyük amallarla millətə xidmət etmək düşüncələrim dəyişilməzdir, sabitdir, birmənalıdır".
Zahid Oruc onu da bildirib ki, parlamentdə əyləşəcəyi yerlə bağlı Milli Məclis Aparatına müraciət edib. Lakin Z.Oruc bu məsələyə bir qədər fərqli yanaşır. Onun sözlərinə görə, bu məsələ xüsusi prinsipial olaraq sual şəkilində qoyula bilməzdi ki, burda əyləşirsən, yoxsa yox?: "Mənim üçün çox qəribədir ki, nə cür düşünülürmüş? İndiyə qədər belə sayılırmış ki, mən yenə qayıdıb orda əyləşəcəm? Bu necə ola bilər? Əgər hər-hansı bir siyasi hadisəyə münasibətdə baxış fərqliliyi meydana çıxırsa və bu məsələlər uzlaşdırılmırsa, bir təşkilat həmin insanla bağlı öz qərarını verirsə, burda ayrı nəyi gözləmək olar. İndiki halda mən bütün bu proseslərin hərəkətverici qüvvəsi olmadım. Yəni siyasi addımlar bu situasiyanı doğurdu. Ona görə də mənim parlamentdə harada əyləşməyim bundan sonrakı dönəmdə Azərbaycan dövlətinə və millətinə xidmətimə mənfi təsir göstərməyəcək. Qeyd edim ki, heç bir düşmənçilikdən, kindən-küdurətdən, hansısa nifaqçılıqdan söhbət gedə bilməz. Çünki mənim üçün prinsiplər daimidir, hər zaman da bunu qorumuşam və burada fikir dəyişikliyindən söhbət gedə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB