Rusiyadakı olaylar Azərbaycandakı mövcud stabilliyi pozmağa hesablanıb

Rusiyadakı olaylar Azərbaycandakı mövcud stabilliyi pozmağa hesablanıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və İşgəncələr üzrə beynəlxalq ekspert Elçin Behbudovun SƏS TV- yə müsahibəsi:

- Rusiyada son dərəcə şişirdilmiş məlum olay öncədən planlaşdırılmış ssenari üzrəmi cərəyan edib?

- Mən ilk növbədə bu hadisəni qətiyyətlə pisləyirəm. Bizə məlumdur ki, Rusiya kimi nəhəng bir dövlətdə minlərlə bu kimi cinayət hadisəsi baş verir. Sözügedən cinayət hadisələrinin içindən məhz Orxan Zeynalovun hadisəsini seçərək, şişirdilmiş vəziyyətə gətirməyin özü bunun öncədən hazırlanmış plana uyğun olduğunu deməyə əsas verir. Gördüyünüz kimi, onlar Orxan Zeynalovu terrorçu kimi qələmə verərək, hətta daxili işlər nazirinin qəbuluna gətiriblər. Bu prosesin özündə belə şübhə doğuracaq məqamlar var. Onlar məhkəmənin qərarı olmadan, Orxan Zeynalovu cinayətkar adlandırıblar. Bunun özü tamamilə yanlış addımdır. Çünki məhkəmənin qərarı olmadan heç bir şəxsi "cinayətkar" adı ilə ittiham etmək olmaz. Mən Rusiyanın televiziya kanallarını izlədikdən sonra ilk dəfə olaraq şəxsən açıqlama verdim ki, Orxan Zeynalov cinayətkar deyil. Bunu deməyə də bir sıra əsaslarım var. Rusiya mətbuatında belə bir fikir səslənib ki, Orxan Zeynalov üzərində silah gəzdirib. Bu fikrin özü belə absurddur. Çünki bildiyiniz kimi, Orxan Zeynalovun dünyasını dəyişən insanı bıçaqla öldürdüyü deyilir. Bu halda sizcə, üzərində silah gəzdirən insan nə səbəbə onu elə həmin silahla yox, bıçaqla öldürüb? Digər tərəfdən onlar bildiriblər ki, Orxan Azərbaycanda bir neçə dəfə cinayət törədib və sözügedən ölkənin hüquq mühafizə orqanları tərəfindən axtarışdadır. Təbii ki, bu fikirlər yanlışdır. Mən şəxsən Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Nazirlik belə bir axtarışın olmadığını, səsləndirilən fikrin səhv olduğunu bildirdi. Bir sıra əcnəbi və yerli saytlardakı videoları və yazıları izlədikdə məlum olur ki, Orxan Zeynalova təzyiq və işgəncələr verilib, onun şərəf və ləyaqəti alçaldılıb. Hesab edirəm ki, istənilən insana davamlı və dözülməz işgəncələr edilsə o, işlətmədiyi cinayəti belə törətdiyini zor gücünə boynuna ala bilər. Orxan Zeynalov bu cinayəti törətmiş olsa belə, heç kimə bu əsas vermir ki, ona işgəncə versin, şərəf və ləyaqətini alçaltsın! Digər tərəfdən Rusiya bir vətəndaşın ölümünü bu qədər ictimailəşdirir, beynəlxalq gündəmə gətirirsə, o zaman nədən sözügedən ölkədə bu günə qədər qətlə yetirilən yüzlərcə azərbaycanlının hesabı onlardan sorulmur, bu məsələ gündəmə gəlmir? Mən şəxsən Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm ki, məsələyə dərhal reaksiya bildirib, Orxan Zeynalovu vəkillə təmin edib. Bildiyiniz kimi, Azərbaycan Respublikası eyni zamanda Rusiyaya nota verərək iki diplomatik nümayəndəsini Orxan Zeynalovla görüşmək üçün sözügedən ölkəyə yollayıb.

- Elçin müəllim, bu olay Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına salmağa və ölkədə mövcud olan stabilliyi pozmağa hesablana bilərmi?

- Bəli, hesablana bilər. Çünki göründüyü kimi, Azərbaycan günü-gündən gözəlləşərək inkişaf edir. Eyni zamanda ölkəmizdə keçirilən prezident seçkiləri olduqca şəffaf və ədalətli keçirilib. Mən özüm şəxsən prezident seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Seçki prosesi məni tam qane edib. Bildiyiniz kimi, bizim bir neçə bədxah qonşularımız var. Onlar bu sabitliyi pozmaq üçün əngəl törədə bilərlər.

- Yaşanan hadisə ilə əlaqədar, siz və sizinlə çalışan həmkarlarınız beynəlxalq təşkilatlara müraciət edibmi?

- Bildiyiniz kimi, Rusiya Federasiyası 1985-ci ildən Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələrə qarşı Konvensiyasına qoşulub, 1987-ci ildən isə Konvensiya ratifikasiya edilib. Məhz buna görə də, onlar sözügedən məsələyə görə məsuliyyət daşıyırlar. Mövzu ilə bağlı mən Azərbaycanda fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının ATƏT-in Bakı ofislərinə, həmçinin Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin sədrinə müraciət etdim. Onlardan Orxan Zeynalovun məsələsinə münasibət bildirmələrini istədim.

Bütün xəbərlər Facebook səhifəmizdə