Hikmət Babaoğlu: "Hadisənin etnik zəmində ictimaiyyətə təqdim olunması Rusiyanın maraqlarına ziddir" MÜSAHİBƏ
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Rusiyada törədilən qətl hadisəsinin ermənilərin təxribatı nəticəsində rezonans doğurduğu və Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirdiyi bildirilir. Sözügedən məsələyə münasibətiniz necədir?
- Peşəkar olmayan sıradan bir vətəndaş da hadisəni "işıqlandıran" video görüntülərin birinci mərhələsində göstərilən ilkin adamla, sonradan cinayəti törətmiş şəxs kimi təqdim olunan Orxan Zeylanovun tamam fərqli insanlar olduğunu ayırd edə bilər. Ən əsası isə bu video çarxda qətlin törədilməsi ilə bağlı heç bir görüntü yoxdur. İkinci mərhələ isə adi bir cinayət hadisəsinin siyasi şou kimi Rusiya ictimaiyyətinə təqdim olunmasıdır. Hər kəsə məlumdur ki, Rusiya böyük ölkədir və cinayətkarlıq səviyyəsinə görə Avropa ilə müqayisədə öndədir. Bu ölkədə hər gün onlarla qətl hadisəsi baş verir ki, bu hadisələrin törədənlərin heç də hər biri rus deyil. Cinayətkarların arasında miqrantlar, müxtəlif millətlərin nümayəndələri də var. Belə olan halda bu cinayəti etnik müstəvidə təqdim etmək, həmçinin mühakiməyə yol açmaq sağlam qüvvələrin işi deyil. Bu bəzi anti-azərbaycançı dairələrin, erməni lobbilərinin təşkil etdiyi və əvvəlcədən düşünülən, ssenariləşdirilən hadisədir. Rusiya etnik cəhətdən Azərbaycandan daha zəngin ölkədir. Bu məsələnin etnik müstəvidə ictimaiyyətə təqdim olunması daha çox Rusiyanın əleyhinə işləyir. Çünki dünyanın hər yerində federasiya subyektləri inzibati siyasi vahidlərə görə müəyyənləşir. Rusiyada isə federasiya subyektləri milli etnik coğrafiyaya görə müəyyənləşib. Bu çox ciddi fərqdir və mən belə hesab edirəm ki, belə bir vəziyyətdə Rusiyanı idarə edənlər əsla hər hansısa bir hadisənin (həqiqət olsa belə) milli etnik zəmində ictimaiyyətə təqdim olunmasını istəməməlidir. Çünki hazırda Rusiyada etnik qarşıdurmanın yaranması üçün zəmin var. Bizə məlumdur ki, hansı qüvvələr bu hadisəni milli etnik zəminə çəkməyə, hansı qüvvələr isə məsələni obyektiv olaraq araşdırmağa çalışır. Rusiyada və Azərbaycanda yayımlanan bəzi mətbuat orqanları bildirib ki, hadisəni Orxan Zeynalov törətməyib. Lakin Rusiyada fəaliyyət göstərən ermənipərəst mərkəzlər və Azərbaycanda fəaliyyət göstərən ermənipərəst hüquq müdafiə təşkilatları, eləcə də Arif Yunus bu fikirlərlə razılaşmadığını, cinayətin məhz Orxan Zeynalovun törətdiyini bildirir. Bundan başqa hadisə ilə əlaqələndirilərək Orxan Zeynalovun işlədiyi ticarət mərkəzinin bağlanması isə bir daha sübut edir ki, hadisə öncədən ssenariləşdirilib.
- Nəzərə alsaq ki, Rusiya kriminal hadisələrin tez-tez cərəyan etdiyi bir ölkədir və belə olduğu halda adıçəkilən ölkənin bir qətl hadisəsinə bu cür reaksiya verməsi nədən irəli gəlir?
- Texnikadan, texnologiyadan anlayışı olmayan hər bir insan da video görüntülərə baxdıqda onun montaj olunduğunun fərqinə varır. Hadisənin arxasında heç bir halda Rusiya hakimiyyətinin varlığı inandırıcı deyil. Qeyd etdiyim kimi, hər hansı bir məsələnin etnik platformada təqdim olunması Rusiya Federasiyasının öz maraqlarına, dövlət ictimai strukturlarına ziddir. Rusiyanın strateji maraqlarını dərindən anlamayan bəzi anti-azərbaycançı dairələr mövcuddur (onlar ermənilərlə sıx əlaqədə işləyirlər). Hadisəyə mənfi mövqe sərgiləyərək Rusiya Federasiyasının hüquq mühafizə orqanının rəhbəri də qarışıbsa, sonda o da cəzalandırılacaq. Çünki bəzi qüvvələr adi bir qətl hadisəsini şişirdərək Azərbaycan-Rusiya əlaqələrinə kölgə salmaq istəyirlər. Bu hadisə təkrarlansa belə iki ölkə arasında yaranan əlaqələrin pozulması mümkün deyil. Belə kiçik hadisələr və ya 5 min miqrantın Rusiyadan Azərbaycana deportasiya olunması ölkələr arasındakı münasibətlərə xələl gətirə bilməz. Çünki Rusiya bilir ki, Azərbaycan Cənubi Qafqazda stabil və lider dövlətdir. Azərbaycan da anlayır ki, Rusiya Federasiyası ilə qonşu ölkədir və maraqları uzlaşdırıb əməkdaşlığı davam etdirmək mütləqdir.
- Hər gün Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlılar qətlə yetirilir, təyziq və təhqirlərə məruz qalır, ciddi əsas olmadan belə ölkədən deportasiya olunurlar. Bütün bunlara hansı səbəblərdən ciddi reaksiya verilmir?
- Rusiyada təkcə azərbaycanlı miqrantlara qarşı bu kimi hadisələr törədilmir. Adıçəkilən ölkədə taciklərə, özbəklərə, qırğızlara və digər millətlərin nümayəndələrinə münasibət daha dözülməzdir. Bu bir növ son illərin "ənənəsinə" çevrilib. Rusiya kiçik ölkə deyil, dünyanın pan-idealist dövlətlərindən biridir və burada valikarist şovinizmi dəstəkləyən mərkəzlər var. Çox təəssüf ki, bu ölkədə bəzi hüquq-mühafizə orqanlarında fəaliyyət göstərən şəxslər və ya bəzi maliyyə mərkəzləri də bu valikarist şovinizmi dəstəkləyirlər. Rusiyada millətçiliyi təbliğ edən və bundan ölkənin maraqlarını qorumaq üçün sədd yaratmağa çalışan mərkəzlər mövcuddur. Rusiyanın şimal-şərqində iri şəhərlər Çinin mədəni ekspansiyasına məruz qalıb. MDB ölkələrində bundan istifadə edənlər var, lakin qlobal mənada bu məsələyə bir o qədər də diqqət yetirilmir. Hesab edirəm ki, Rusiyanın mövcudluğu üçün azərbaycanlı və ya keçmiş MDB ölkələrindən buraya gələn miqrantlar təhlükə yaratmırlar.
- Azərbaycanda prezident seçkilərinin uğurla başa çatmasından sonra, daxildə bəzi qüvvələr müəyyən çaxnaşmalar yaratmaqla ölkədəki ictimai asayişi pozmağa, Azərbaycan haqqında xarici ölkələrdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bütün bunları eyni mərkəzdən qurulan planın tərkib hissəsi hesab etmək olarmı?
- Məlumdur ki, milli dövlətlərin milli siyasi iradəni təmsil etməsi bəzi imperialist mərkəzlərin, dünya siyasətində birləşən güclərin xoşuna gəlmir. Çünki hazırda bərqərar olan informasiya imperializmi və yaxud qlobal dövlət ideyası pan-idelist mərkəzlərin digər mühüm dövlətlərin bu və ya digər şəkildə istismar olunmasına xidmət edir. Bunun üçün də qlobal dövlət nəzəriyyəsi hazırlanıb. Qlobal dövlətin fonunda Azərbaycan kimi milli dövlətlər onun əyalətinə çevrilməlidir, mərkəzi hakimiyyəti isə milli siyasi iradənin təmsilçisi kimi deyil, sadəcə həmin inzibatı siyasi coğrafiyada asayişi qoruyan polis kimi görmək istəyirlər. Çox təəssüf ki, 2001-ci ildən start verilmiş müsəlmanların məskunlaşdığı Şərq dövlətlərində xaos yaranıb, lakin sərhədlər dəyişməyib. İraqda siyasi hadisələr baş verdi, lakin inzibati-siyasi coğrafi mövqe dəyişmədi. Suriya, Liviya, Misir və digər müsəlman dövlətləri də buna misal ola bilər. Bu gün adıçəkilən Şərq ölkələrinin təbii ehtiyatları, neft resursları necə hasil olunur, hansı bazarlarda satılır və necə istifadə edilir məlum deyil. Deməli bu idarə olunan xaos imperialist mərkəzlərə lazımdır ki, onları mənimsəsin. Milli dövlətləri istismar etmək üçün bu dövlətlərin tamhüquqlu vətəndaşlarından təyziq qrupları formalaşdırırlar. Bu qruplar isə müxtəlif vədlərlə şirnikləndirilərək milli hakimiyyətə, öz dövlətinə qarşı yönləndirirlər. Son günlər müxalifətin radikal davranışı da bununla bağlıdır. Öncədən məlum idi ki, "Milli Şura" Azərbaycana ixrac edilən bir ideyadır. Ölkə cəmiyyətinin, Azərbaycan siyasi sisteminin sosial sifarişindən yaranan təşkilat deyil və "Milli Şuranın" fəaliyyətindən də məlum oldu ki, müxalifət hakimiyyətə gəlmək üçün xaricə üz tutur, hakimiyyətin mənbəyi Azərbaycan xalqını deyil, xaricdəki mənbələri, ermənipərəst mərkəzləri görürlər. Lakin unudurlar ki, ötən 10 ildə Azərbaycanda intellektual əsaslarda cəmiyyət formalaşıb. Bunun nəticəsidir ki, hər kəs 9 oktyabrda keçirilən prezident seçkilərinin nəticələrinin şahidi oldu. Son nəticə Azərbaycan xalqının ölkədə xaos yaratmaq istəyənlərə münasibəti idi. Digər ölkələrlə olduğu kimi Azərbaycanda da xaos yaratmaq istədilər, lidersiz və ideologiyasız toplum yaratmağa çalışdılar. Əgər bir cəmiyyətin və ya toplumun lideri yoxdursa, onu birləşdirən, ictimai harmoniyasını müəyyənləşdirən, ahəngdarlığını təmin edən ideologiyası yoxdursa o ölkədə dövlət qurula bilməz. Azərbaycandakı demokratiya və insan hüquqları adından istifadə edib fəaliyyət göstərən qruplar da məhz islamafobianın ölkəmizdəki nümayəndələridir, milli siyasi iradəni təmsil edən Azərbaycan hakimiyyətinə onların təyziq vasitələridir. Lakin xalq bütün bunları görür və əsla olanlara reaksiya vermir. Hər hansısa bir göysatanı yandırmaqla və ya digər bir müxalifətçinin başını yardırmaqla Azərbaycanda öz planların reallaşdıra bilməyəcəklər. Azərbaycan xalqı bu dövrü 1991-1992-ci illərdə yaşayıb və ibrət dərsi götürüb. İdarə olunan xaos dövrü, müxtəlif təyziq qrupları vasitəsilə Azərbaycan hakimiyyətinə təyziq etmək cəmiyyətimizin keçmişidir, gələcəyi ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB