Adil Əliyev: “Hesab edirəm ki, burada erməni faktoru mühüm rol oynayır”

Adil Əliyev: “Hesab edirəm ki, burada erməni faktoru mühüm rol oynayır”

"Orxan Zeynalovu məhkəmənin qərarı olmadan və onun törətdiyi cinayəti sübuta yetirmədən cinayətkar adlandırmaq özü bir ədalətsizlikdir, cinayətdir və insanlığa qarşı zorakılıqdır". SİA-nın məlumatına görə, bunu millət vəkili Adil Əliyev deyib.

Millət vəkili Orxan Zeynalova qarşı törədilən cinayəti televiziyadan izlədiyini deyib: "Maskalıların özlərini sanki Usama Bin Ladeni tutmuş kimi aparmasının və şübhəli şəxsi qatı cinayətkar kimi təpikləməsinin arxasında nəyin durmasını mən gözəl başa düşürəm. Bu tip cinayətlər bütün ölkələrdə hər gün törədilir.

Əgər əlimizdə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) baş vermiş hadisələrin statistikası olsaydı, görərdik ki, Rusiyanın başqa regionunda həmin vaxt bu tipli başqa hadisə də törədilib. Bu cinayət hadisəsini Orxan Zeynalov deyil, başqa birisi də törətsəydi, onu böyük bir olaya çevirəcəkdilər. Sadəcə olaraq kimlərəsə bu hadisə göydən düşmə oldu və çox bacarıqla bu hadisəni miqrantlar və onların çörək pulu qazandığı meyvə tərəvəz bazarları ilə əlaqələndirdilər. Hesab edirəm ki, burada erməni faktoru mühüm rol oynayır. Biz hər dəfə böyük uğur qazandıqca, bu tipli təxribatların da ola biləcəyini düşünməliyik. Hamımız səbrli olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə