Elman Nəsirli: “Rusiya bu cür üsullarla Azərbaycana təzyiq etməyə çalışır” MÜNASİBƏT

Elman Nəsirli: “Rusiya bu cür üsullarla Azərbaycana təzyiq etməyə çalışır” MÜNASİBƏT

"Cinayətdə şübhəli bilinən Orxan Zeynalova qarşı Rusiyanın sərt münasibət göstərməsi, onun qoşulduğu insan hüquqları haqqında konvensiyanın tələblərinə ziddir". Bu sözləri SİA-ya siyasi ekspert Elman Nəsirli Rusiyada baş verən məlum hadisələrə münasibət bildirərkən deyib. O bildirib ki, günahı sübuta yetirilmədən həmyerlimizin daxili işlər nazirinin qəbuluna gətirilməsi, düzgün olmayan bir addımdır.

Onun sözlərinə görə, bu addım onu göstərir ki, Rusiyada azərbaycanlılar haqqında mənfi rəyin formalaşdırılması prosesi həyata keçirilir: "Əslində, Rusiya dünya ölkələri arasında kriminal vəziyyətinə görə öndə gedən ölkələrdəndir. Təkcə Moskvada təxminən 16-17 milyon insan yaşayır və bu nöqteyi nəzərdən ölkənin paytaxtında həddindən artıq cinayət hadisəsi qeydə alınır. Lakin bu hadisələrə səssiz, hüquq mühafizə orqanlarının səlahiyyəti çərçivəsində baxılır. Amma günahı sübuta yetirilmədən həmyerlimizlə bağlı Rusiyanın sərt münasibəti, ölkəmizə qarşı siyasi təzyiqdir. Həmyerlimizin ölkənin daxili işlər nazirinə təhfil verilməsi səhnəsini görəndə mənə elə gəldi ki, Bin Ladeni ABŞ prezidenti Barak Obamaya təhfil veriblər. Hesab edirəm ki, burada daha çox siyasi təzyiq elementləri var. Rusiya belə bir şou düzəltməklə, məsələnin televiziya kanallarında geniş yaymaqla, həmyerlimizə qarşı qeyri-etik davranışlar göstərməklə orada azərbaycanlılar haqqında mənfi rəyin formalaşdırılması prosesinin həyata keçirildiyini sübut etdi".

Rusiyanın bu cür addımının iki ölkə arasında olan münasibətlərə təsir edəcəyini deyən siyasi ekspert vurğulayıb ki, Rusiya bu cür üsullarla Azərbaycana təzyiq etməyə çalışır: "Azərbaycan müstəqil siyasət yeridən dövlətdir. Biz hər hansı bir tərəfin təsirinə düşməklə siyasət yerinə yetirmirik. Bu cür təzyiq üsuluna əl atan Rusiya istəyir ki, Azərbaycan xarici siyasətini həyata keçirərkən hər zaman onu önə çəksin və Rusiya faktorunu mütləq nəzərə alsın. Yəni Azərbaycan Rusiyaya istiqamətlənən xarici siyasət həyata keçirsin. Çox təəssüf ki, hələ də Rusiyada bəzi dairələr bu cür xülyalarla yaşayır. Lakin bu düşüncə tərzi düzgün deyil. Bütün bunlar Rusiyanın imicinə ziyan gətirir. Artıq dünyanın bir sıra insan hüquqları qurumları da Rusiyaya məsələ ilə bağlı sərt reaksiyalarını veriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə