Aydın Mirzəzadə: "Qaydalar kobud şəkildə pozulubsa, o zaman kameralarda bu görüntülər əks olunmalı idi" Münasibət

Aydın Mirzəzadə: "Qaydalar kobud şəkildə pozulubsa, o zaman kameralarda bu görüntülər əks olunmalı idi" Münasibət

"ATƏT Azərbaycanda keçirilən seçkilərə mənfi qiymət verməyib. Dünən ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Azərbaycanda keçirilən seçkilərlə bağlı yüksək fikir bildirib. Həmin yüksək qiyməti Avropa Şurası, Avropa Parlamentinin nümayəndə heyəti və digər beynəlxalq müşahidəçilər də dedi. Seçkilər haqqında mənfi fikir söyləyən təşkilat isə ATƏT-in tərkibində fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu deyilən bir qurumdur. Onların verdiyi rəyin isə ATƏT-ə heç bir aidiyyatı yoxdur. Onlar ATƏT-in adından çıxış etsələr də, ATƏT-in 50-yə yaxın ölkəsi həmin təşkilata seçki ilə bağlı öz səlahiyyətlərini verməyib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ATƏT/DTİHB-in və ATƏT Parlament Assambleyasının (ATƏT PA) Azərbaycanda keçirilən prezident seçkilərinə dair ilkin faktlar və nəticələrlə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bu təşkilatın mövcudluğu soyuq müharibədən qalıb: "Onlar demokratik ölkələrə kömək etmək, onların uğurlarını görmək əvəzinə, təzyiq altında saxlamağa üstünlük verir. Bildirirlər ki, seçki məntəqələrinin 11 %-ində qayda pozuntusu olub. Halbuki, onlar 89% məntəqədə heç bir qayda pozuntusu olmadığına görə seçkini müsbət qiymətləndirməli idi. Cəmi 5-6 dəqiqə məntəqələri müşahidə edib, çıxıb gedirdilər. Nədənsə məhz onların olduqları məntəqələrdə qayda pozuntusu baş verirdi. Lakin bütün məntəqələr veb-kameralarla təchiz edilmişdi. Əgər onların dediyi kimi qaydalar kobud şəkildə pozulubsa, o zaman kameralarda bu görüntülər əks olunmalı idi. Onların məqsədi heç də Azərbaycanda keçirilən seçkiləri obyektiv işıqlandırmaq deyil. Hansı maraqdan irəli gəldiyini deyə bilmərəm, lakin onlar seçkilərə əvvəlcədən hazırlanmış rəylə gəlmişdilər. Təşkilatın seçkilərlə bağlı dediyi bütün fikirlər tamamilə qərəzlidir. Bu, xalqın istəyinə qarşı onların mənfi münasibətidir".

"Xüsusilə qeyd etmək lazımdır ki, demokratik seçkilərin keçirilməsi ilk növbədə Azərbaycan iqtidarı üçün lazımdır. Cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanda insan hüquqlarının qorunmasına, iqtisadiyyatın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Seçkidə Bakının 10 rayonunda fəaliyyət göstərən 24 məntəqədə müşahidəçi qismində iştirak etdim. Hər yerdə yüksək seçki fəallığı var idi. Heç bir qayda pozuntusuna rast gəlmədim" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə