İsmail Alper Coşqun Prezident İlham Əliyevi təbrik edib YENİLƏNİB-FOTOLAR

İsmail Alper Coşqun Prezident İlham Əliyevi təbrik edib YENİLƏNİB-FOTOLAR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində türkiyəli deputatların iştirakı ilə 9 oktyabr Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin (KİV) də iştirak etdiyi konfranda seçkilərin uğurla başa çatması haqqında ətraflı məlumat verilib və yenidən prezident seçilən İlham Əliyevə təbriklər çatdırılıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun deyib ki, oktyabrın 9-da keçirilən prezident seçkiləri Azərbaycan xalqının iradəsi nəticəsində uğurla sona çatıb: "Türkiyə Böyük Millət Məclisindən (TBMM) seçkiləri müşahidə etmək üçün Azərbaycana 35 millət vəkili gəlib. Hazırda onların müəyyən bir qismi bu mətbuat konfransında iştirak edir. Hesab edirəm ki, Azərbaycan üçün son dərəcə gərgin olan bir dönəm artıq geridə qalıb. Mən Azərbaycan-Türkiyə qardaşlığına və gələcəyinə bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm. Cənab İlham Əliyevi təbrik edir, ona növbəti 5 il ərzindəki iş fəaliyyətində uğurlar diləyirəm.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünivar isə bildirib ki, seçkilər tam şəffaf və demokratik şəraitdə keçdi: "Türkiyəli deputatlar Azərbaycanın əksər bölgələrində olaraq seçki prosesini yaxından müşahidə ediblər. Bu seçim Azərbaycan üçün son dərəcə önəmli idi. Ölkə öz nefti, qazı ilə dünyada artıq söz sahibinə çevrilib və nüfuzu günü-gündən artmaqdadır".

CHP-dən olan millət vəkili Ali Özgündüz isə ümidvardır ki, bundan sonra da Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev tərəfindən Azərbaycan-Türkiyə qardaşlıq, dostluq əlaqələri uğurla davam etdiriləcək. O, cənab Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik edib.

Daha sonra MHP-dən olan Sinan Oğan və digərləri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevi növbəti 5 il üçün qazandığı qələbə münasibəti ilə təbrik ediblər. Onlar seçkinin demokratik və ədalətli şəkildə keçirildiyini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə