AŞPA və Avropa Parlamentinin müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb

AŞPA və Avropa Parlamentinin müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb

AvropaŞurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyası seçkilərlə bağlı bəyanat təqdim edib. SİA-nın məlumatına görə, AŞPA müşahidə missiyasının nümayəndə heyətinin rəhbəri Robert Volter bildirib ki, bir aydır ki, Azərbaycanda seçki prosesini izləyirlər.

Onun sözlərinə görə, nümayəndə heyəti 7 qrup, müxtəlif dövlətlərdən ibarət siyasi partiyaları təmsil edən 30 nəfərdən ibarət olub: "AŞPA Azərbaycanda baş verən hadisələri yaxından izləyir. Təşkilatın Azərbaycan haqqında son hesabatı bu ilin əvvəlində təqdim olunub".

Daha sonra bəyanatı oxuyan Avropa Parlamentinin müşahidə misisiyasının rəhbəri Pinna Olakin bildirib ki, hər iki müşahidə missiyası Azərbaycanın dəvəti ilə seçkiləri izləmək üçün gəlib: "Nümayəndə heyətinin başçıları kimi seçkilərin dinc şəkildə keçirilməsi münasibətilə Azərbaycanı təbrik edirik. Biz Azərbaycana demokratiya ilə bağlı dərs verməyə gəlməmişik. Biz Azərbaycanın demokratiyaya keçidində yardım etməyə gəlmişik. Biz kimisə mühakimə edə bilmərik. Dünən Azərbaycanda ədalətli seçkinin keçirildiyinin şahidi olduq. Seçkiləri çoxlu sayda milli və beynəlxalq müşahidəçilər izləyirdi. Bu təqdirəlayiq haldır. Proses dinc, şəffaf şəkildə həyata keçirilib. Heç bir qanun pozuntusu qeydə alınmayıb. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə daha demokratik səsverməni müşahidə etdik. Seçkilərlə bağlı son hesabat gələn həftələrdə təqdim olunacaq".

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə