Bu gün Qaradağ rayonu Sahil qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının izdihamlı zirvə-görüş mitinqi keçirilib. SİA-nın məlumatına görə tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, millət vəkilləri, Qaradağ rayon ictimaiyyətinin nümayəndələri, seçicilər iştirak ediblər.
Qaradağlıları salamlayan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkəmizdə son 10 il ərzində əldə olunan nailiyyətlərdən danışıb: "İqtisadi-siyasi sahədə böyük uğurlar əldə edən ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malikdir. Təbii ki, bütün bunların əsasında demokratik mühitin mövcudluğu, insanların sərbəst formada öz iradəsini ifadə etməsi, açıq dövlət siyasəti dayanır. Bütün bu nailiyyətləri nəzərə alaraq seçiciləri oktyabrın 9-da seçkilərə gəlməyi və Ulu Öndər Heydər Əliyev siyasi irsinin davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıram".
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, 2003-cü ildə Azərbaycan xalqı etimad göstərərək Prezident seçdiyi dövlət başçısı İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı olduğunu 10 il ərzində gördüyü işlərlə göstərib: "Prezident İlham Əliyev neftdən gələn gəlirləri iqtisadiyyatın maksimum inkişafına yönəltdi və son 10 ilin uğurları ölkənin sərvətlərindən düzgün istifadə olunmasından xəbər verir. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. Builki seçkilər Azərbaycan tarixində ən şəffaf, demokratik və ədalətli seçki olacaq. Cənab İlham Əliyevi növbəti müddətə Prezident seçən xalqımız xoşbəxt gələcəklərini təmin etmiş olacaq".
Çıxış edən YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Respublikamızın bütün sahələrində həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf tədbirlərindən danışıb: "Ölkə başçısının rəhbərliyi altında Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib. Həmçinin əhalinin rifah halı yaxşılaşıb, yoxsulluq səviyyəsi aşağı düşüb. Ölkəmiz 10 il ərzində beynəlxalq aləmdə özünəməxsus yer qazanıb".
Mitinqdə rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB