Qobustanlılar İlham Əliyevi yenidən prezident görmək istəyir FOTO

Qobustanlılar İlham Əliyevi yenidən prezident görmək istəyir FOTO

Qobustan rayonunda YAP-ın namizədi cənab İlham Əliyevin Seçki Qərargahının üzvləri seçicilərlə zirvə görüşü keçirib. SİA-nın məlumatına görə, görüşə yüzlərlə insan ölkə başçısı İlham Əliyevin böyük protretləri, YAP-ın seçki şüarları və üzərində Prezidentin şəkli əks olunan geyimlərlə qatılıblar.

4000-dən çox insanın toplaşdığı zirvə görüşündə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev bildirib ki, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. O, Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən, bütün sahələrdəki sosial-iqtisadi inkişafdan, siyasi sabitlikdən, Ulu Öndər Heydər Əliyev dühasından bəhrələnən bugünkü qüdrətli Azərbaycandan, sabahkı firavan gələcəyimizə hesablanan ardıcıl siyasətdən, o cümlədən Qobustan rayonunun inkişafından danışaraq rayonda gedən böyük quruculuq və abadlıq işlərindən bəhs edərək ölkədə genişmiqyaslı infrastruktur layihələrin reallaşdığını diqqətə çatdırıb.

Rayon Təşkilatının sədri hər bir seçicini fəal mövqe nümayiş etdirərək, 9 oktyabrda İlham Əliyevə səs verməyə çağırıb.

Millət vəkili Ərəstun Cavadov çıxış edərək vurğulayıb ki, İlham Əliyev hər bir azərbaycanlı kimi qobustanlıların da ən yaxın dostu və qayğıkeşidir: "Bu görüşümüzün məramı, məqsədi ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə dəstəyimizi bildirmək və onunla bir olduğumuzu nümayiş etdirməkdir. 10 il ərzində ölkəmizdə gedən inkişaf hamımızın gözü önündədir. Ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi sosial və mədəni gücə çevirməyi bacarıb. İndi dünya Azərbaycan modelindən yararlanmağa çalışır. Bütün bu inkişaf ölkə Prezidenti İlham Əliyevin apardığı çox uğurlu siyasətin nəticəsidir. Əziz qobustanlı seçicilər, sizi daha işıqlı sabahlara çıxmaq üçün seçki günü fəal olmağa və İlham Əliyevə səs verməyə çağırıram".

YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurları müqayisəli şəkildə təhlil edərək bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, 1 mln. 200 min yeni iş yeri açılıb, dövlət büdcəsi 10 dəfədən cox artıb: "Əldə olunan bu nailiyyətlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına zəmin yaradıb. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Xalqımızın taleyində, həyatında çox mühüm əhəmiyyət kəsb edən 9 oktyabr tarixində hamılıqla YAP-ın alternativsiz namizədi İlham Əliyevə səs verməyə çağırıram".

Rayon ziyalıları adından Ənvər Qayıbov da çıxış edərək, həmişə olduğu kimi, bu dəfə də qobustanlıların bu seçki də də xalqımızın xoşbəxt gələcəyinə, İlham Əliyevə səs verəcəklərinə əminliyini bildirib.

Görüşün rəsmi hissəsindən sonra tanınmış incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə