Mübariz Qurbanlı: "Seçki kampaniyasının üçüncü mərhələsini də uğurla başa vuracağıq" MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- Mübariz müəllim, Yeni Azərbaycan Partiyası seçki prosesini üç mərhələyə bölüb. Bildiyimizə görə, artıq I və II mərhələ yekunlaşıb. III mərhələdə hansı işlər görülür?
- Azərbaycandakı seçki kampaniyası normal məcrada inkişaf etməkdədir. Hər bir namizəd üçün seçki təşviqat kampaniyasını aparmaq üçün şərait yaradılıb. Bütün prezidentliyə namizədlər seçicilərlə normal görüşlər, görüş-mitinqlər keçirilər. Bu da Azərbaycandakı seçki mühitinin demokratikliyindən və Avropa standartlarına uyğunluğundan xəbər verir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası builki seçki kampaniyasında ən müasir metod və texnologiyalardan istifadə edir. Yeni Azərbaycan Partiyasının seçki təbliğat-təşviqat kampaniyasının arxada qalan iki mərhələsində seçicilərlə iki mindən çox görüş keçirilib. Bu tədbirlərdə 2 milyon 600 mindən artıq seçici iştirak edib və prezidentliyə namizədimiz cənab İlham Əliyevin proqramı ilə tanış olublar. Bu görüşlərdən aldığımız ən böyük təəssürat nədir? Bu təəssürat ondan ibarətdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasətə, şəxsiyyətinə böyük böyük inam bəsləyir. Bütövlükdə, Azərbaycan xalqında Prezident İlham Əliyevə böyük məhəbbət, istək var. Keçirilən görüşlərdə seçicilər bildirirlər ki, cənab Prezident İlham Əliyevin təşviqata ehtiyacı yoxdur. Çünki gördüyü işlər onun ən böyük təşviqatıdır. Eyni zamanda seçicilər bildirirlər ki, təşviqat kampaniyasında Prezident İlham Əliyevin gördüyü işlərlə bərabər, radikal müxalifətin Azərbaycan, dövlətçilik əleyhinə etdikləri hərəkətlərə də qiymət verək. Bu barədə biz də fikirlərimizi seçicilərə çatdırmışıq. Bu gün bizim çoxsaylı təşviqatçılarımız respublikanın hər yerində seçicilərlə təmasdadırlar. Bir müqayisəni diqqətinizə çatdırım. Yeni Azərbaycan Partiyası çoxsaylı görüşlər keçirdiyi bir vaxtda, radikal müxalifətin "Milli Şura" deyilən qurumunun nümayəndələri çox az sayda görüşlər keçiriblər. Bu onu göstərir ki, həmin "Milli Şura" deyilən qurumun potensialı çox aşağıdır, onların yerlərdə tərəfdarları yoxdur və keçirdikləri görüşlər də istənilən effekti vermir.
"Milli Şura" adlandırılan qurum öz təşviqatını tam yalan, ictimai demoqoqiya üzərində qurub. Demoqoqiya və yalan demək olar ki, seçicilərə təsir göstərmir. Biz "Milli Şura" adlandırılan qurumun təşviqatının əhəmiyyətsizliyini nədə görürük? Ən böyük əhəmiyyətsizlik ondadır ki, onlar Bakı şəhərində bu seçki kampaniyası dövründə Cəmil Həsənlinin iki dəfə görüş-mitinqini keçiriblər. Birinci görüş-mitinqləri ilə ikinci arasında kəskin fərq vardır. Bu onu göstərir ki, cəmiyyət Cəmil Həsənlinin dediyi fikirlərə diqqət yetirmir. Cəmiyyətin əsas, aparıcı hissəsi bu fikirləri dinləmək belə istəmir. Buna görə də onların təşviqat kampaniyasında bir dinamika, inkişaf hiss olunmur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti onların bu tədbirlərinə biganə qalmaqdadırlar.
Yeni Azərbaycan Partiyasının yerlərdə keçirdiyi görüşlərdə isə cəmiyyətin ən qabaqcıl hissəsi iştirak edir. Keçirilən görüşlərimizə çox böyük maraq var. Mən Şəmkir və Daşkəsəndə keçirilən görüşlərdə iştirak etmişəm. Daşkəsəndə keçirilən görüşdə iştirak edən seçicilərin sayı, bütövlükdə radikal müxalifətin keçirdiyi mitinq-görüşlərdə iştirak edənlərin sayından qat-qat çox idi. Eyni zamanda insanlarda bir inam, coşqu, istək görürdük. Ona görə də biz iki mərhələdən danışaq, bu mərhələlərdə faktiki olaraq Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyev təşviqat baxımından da qalibdir. Əslinə qalsa namizədimiz qalibdir. Amma təşviqat kampaniyası da onun daha yüksək qələbə əldə etməsinə bir göstəricidir. Hesab edirəm ki, üçüncü mərhələni də uğurla başa vuracağıq. Bu istiqamətdə işlərimiz davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının böyük potensialı var. Partiyamız 600 mindən çox azərbaycanlını birləşdirir.
- İctimai Televiziyada baş tutan debatlarda "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənli platformasından danışmaq əvəzinə təhqiramiz ifadələrə yol verir. İqtidara şər və böhtan atmaqla özünə xal qazanmağa çalışır. Bu məsələlərlə bağlı nə deyə bilərsiniz?
- Bu debatları izləyən Azərbaycan xalqı namizədlərin çıxışlarına özləri qiymət verirlər. Apardığımız təhlillər onu göstərir ki, bu debatlarda ən fəal iştirak edən və mövqe nümayiş etdirən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələridir. Radikal müxalifət nümayəndələrinin çıxışları isə tamamilə yalan, şər və böhtan üzərində qurulub. Bu tərzdə olan çıxış isə istənilən effekti vermir. Onun siyasi etikadan kənara çıxaraq, dövlət başçısı haqqında səsləndirdiyi qanunazidd fikirlərin cavabı zamanında verilib. Çıxışlarında müxtəlif rəqəmlər, korrupsiya ilə əlaqədar heç bir fakta söykənməyən iddialar irəli sürürlər. Bu iddialarla bağlı vaxtilə açıqlamalar verilib və biz enerjimizi mənasız işlərə sərf etmək istəmirik. Ancaq bu elə bir məsələdir ki, kimlərsə yalandan sui-istifadə etməklə reytinq yığmağa çalışır. Ancaq Azərbaycan cəmiyyəti nəyin doğru, nəyi yalan olduğunu yaxşı başa düşür. Cəmil Həsənli və onun mənsub olduğu düşərgə müxalifətçilikdən çıxaraq, düşmənçilik mövqeyinə yuvarlanıbdır. Bu düşərgənin nümayəndələri Azərbaycanın uğurlarına sevinmirlər. Bu isə cəmiyyətdə birmənalı olaraq rədd edilir. Ona görə də radikal müxalifətin nə deməsindən asılı olmayaraq əhali onlara tərəf meyllənmir.
Prezident İlham Əliyev o qədər böyük bir zirvədədir ki, ona qarşı yönələn hər hansı bir böhtan və şər kampaniyası öz beşiyindəcə iflasa məhkumdur. Çünki həmin zirvəyə bu böhtanları çatdırmaq iqtidarında deyillər. Prezident İlham Əliyev xalq və dövlət üçün o qədər böyük işlər görüb ki, o işlərin ağırlığı altında bu böhtanlar toza dönür. Ona görə də belə şər və böhtanlar cəmiyyətdə əks-səda doğurmur. Müxtəlif yollarla, özlərinin nəzarətində olan mətbuatla hay-küy qaldırmağa çalışsalar da bunlar ancaq həmin mətbuat çərçivəsində qalır. Yerlərdə keçirdiyimiz görüşlər zamanı bildirirlər ki, onların dediklərinə heç kim inanmır və bizim partiyamızın tutarlı cavabları bunu heçə endirir. Prezident İlham Əliyevin həyata keçirtdiyi siyasət milli maraqlara söykənir. Prezidentimizin bu siyasəti Ulu Öndərimiz Heydər Əliyevin başladığı siyasətin davamıdır. Bəziləri Ulu Öndərin bu böyük siyasətinin mahiyyətini dərk etmək iqtidarında deyillər. Çünki onları hakimiyyət hərisliyi və ambisiya o qədər boğub ki, həqiqəti görə bilmirlər.
Azərbaycanın dövlət büdcəsi 10 il ərzində 20 dəfə, ümumi daxili məhsul 3.4 dəfə, təqaüdlər 9 dəfə, sosial müavinətlər 8 dəfə artıb. Azərbaycanda 7 min kilometr yeni yol çəkilib. Bu hər ilə 700 kilometr yol deməkdir. Bu rəqəmlərin arxasında böyük əmək dayanır. Ötən müddət ərzində texnoparklar salınıb, sənaye müəssisələri açılıb. Ölkə əhalisinin 1 milyon 200 min nəfərinin daimi işlə təmin olunması üçün yeni iş yerləri açılıb. Həkimlərin və müəllimlərin maaşları hər il artırılır və bu artım davam etməkdədir. Azərbaycan manatının alıcılıq qabiliyyəti digər ölkələrin alıcılıq qabiliyyətinə görə üstün mövqeyə keçib.
Bizim Liderimiz, Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı dünya miqyasında önəmli bir mövqeyə çıxarıb. Təsadüfi deyil ki, Azərbaycan "Böyük 20"lərin sammitlərinə məşvərətçi səs hüquqlu üzv kimi dəvət olunur. Həmçinin Azərbaycan heç bir bloka qoşulmayan ölkələr arasında önəmli yer tutub. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu kimlərəsə bir vaxtlar xəyal kimi görünürdü. Amma bu xəyalı, o cümlədən bir çox xəyallarımızı həqiqətə çevirən məhz Prezident İlham Əliyevdir. Ona görə də Azərbaycan xalqı bu siyasətin davamlı olmasını istəyir. Lakin bu siyasəti dərk etməyənlər də var. Onlar vaxtıilə Azərbaycanda siyasi hakimiyyətdə olan və hakimiyyəti qoyub qaçan dairələrin qalıqlarıdır. Mən "Milli Şura"dakıları hakimiyyətdə olaraq, onu bərbad vəziyyət qoyaraq, ölkəni vətəndaş müharibəsi vəziyyətinə çıxaranların qalıqları hesab edirəm. Bu qalıqlar yenidən hakimiyyətə can atırlar. Ancaq hakimiyyətin mənbəyi xalqdır. Xalqın dəstəyini qazanmayan hər hansı bir siyasi partiya və siyasətçi heç bir zaman hakimiyyətə gələ bilməz. Hansı xarici amili əldə tutaraq hakimiyyətə can atacaqsa, xalq onu böyük təpki ilə qarşılayacaq və rədd edəcək. Cəmiyyətə və inkişafa nihilistcəsinə yanaşmaq olmaz. Hər bir şeyə realistcəsinə yanaşmaq lazımdır. Bizim ayrı-ayrı dairələrin milli maraqlara zidd yeritdiyi siyasətə qarşı mövqeyimiz birmənalıdır. Bunlar tarixin arxivindədir və orda da qalacaqlar.
- "Milli Şura"dakılar iddia etməyə çalışırlar ki, xarici mətbuatda Azərbaycan haqqında reallıqları yazırlar. Onların dedikləri bu reallıqlar isə şər və böhtandan başqa heç nə deyil. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Xarici mətbuatda Azərbaycan haqqında çox müsbət yazılar dərc edilir. Hətta xarici mətbuatda "İnkişafın Azərbaycan modeli" haqqında geniş məqalələr dərc edilir. Yəni Azərbaycanın mövqeyi dünyada qəbul olunur. Azərbaycan beynəlxalq maliyyə qurumlarının reytinqində daim irəliləyir. Azərbaycan dünyanın iqtisadi baxımdan infilyasiyanın aşağı olduğu lider ölkə sayılır. Eyni zamanda investisiyaların yatırımı baxımından ən cəlbedici ölkədir. Beybəlxalq mətbuatda lehimizə yazılan yazılar əleyhimizə yazılan yazılardan qat-qat üstündür. Çox təəssüf ki, bu cür radikallar, Azərbaycan dövlətinə düşmən mövqedə dayanan antimilli xarakterli fəaliyyətləri ilə özlərini ifşa edən dairələr nəticə etibarı ilə erməni lobbisinin vasitəsi ilə və ya Azərbaycanda öz maraqlarını həyata keçirməyə cəhd edən, lakin Azərbaycan hakimiyyətinin öz milli marağı naminə bu cəhdlərin qarşısını aldığı qrupların təhriki ilə əleyhimizə yazılan bəzi yazılar olur. Bu cür yazıları əsas tutur, istinad edirlər. Nəyə istinad edirsiniz? Siz, o yazılara istinad edirsiniz ki, o yazıların arxasında Azərbaycanın əleyhinə olan dairələr dayanır. Bəzən isə bütövlükdə bulvar, sarı mətbuata istinad edirlər. Belə yazıların isə heç bir dəyəri yoxdur. Nə üçün sizlər müsbəti görmürsünüz? Siz yalnız mənfini görmək üçünmü yaranmısınız və mövcudsunuz? Bu müxalifətçilikdirmi? Müxalifətçilik heç də düşmənçilik demək deyil. Lakin siz müxalifətçiliyi də düşmənçilik səviyyəsinə endirmisiniz. Əməliniz və fəaliyyətinizlə hər zaman xalqa zərbə vurmaq istəmisiniz. Ona görə də Azərbaycan cəmiyyətində sizlərə dəstək yoxdur. Bunu heç kim imkar edə bilməz. Əgər seçki kampaniyasında, özlərinin iddia etdiyi kimi ayrı-ayrı siyasi partiyaların bir qurumu yaranır və seçicilərlə görüş-mitinqi keçirisə, həmin tədbirlərdə də hər zaman eyni kontinget iştirak edir və edilən çıxışlarda eyni ssenari ilə, boyatımış tezislər üzərində durursa sizə kim dəstək vertəcək? Sizin heç bir dəstəyiniz yoxdur və olmayacaq.
- İsa Qəmbər yenidən xaricə üz tutub. Məqsəd isə aydındır. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrlə birləşərək əleyhimizə qarşı kampaniya aparmaq cəhddir. Bu barədə nə deyə bilərsiniz?
- İsa Qəmbər Avropa Parlamentinə dəvət olunub. Orada onun kimlərlə görüşlər keçirdiyinə dair məlumat olduqdan sonra biləcəyik ki, nə üçün gedib və dəvətin arxasında kimlər dayanır. Amma ən əsası odur ki, belə görüşlər dünyada bütün siyasi partiyalar üçün edilir. Azərbaycandakı siyasi partiyalara da belə görüşlərə dəvət alır. Mən istəyirəm ki, bir məsələni vətəndaşlarımız bilsinlər. Ermənistan istisna olmaqla dövlət səviyyəsində Azərbaycanda olan radikal müxalifəti heç bir dövlət müdafiə etmir. Ermənistan istəyir ki, Azərbaycanda xaos olsun və belə radikallara hansısa formada dəstək versin. Amma ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa, Asiya ölkələri Azərbaycanla çox sıx münasibətdədirlər. Prezident İlham Əliyev dövlət başçıları içərisində sözünün üzərində dayanan ən etibarlı tərəfdaş imici qazanmış şəxsiyyətdir. Ona görə də parlamentlər səviyyəsində dəvətlər, aparılan müzakirələr həmin ölkələr adına çıxıla bilməzlər. Avropa Parlamenti heç də yekcins deyil. Orada 10-15 deputat kimisə dəvət edirsə, bu demək deyil ki, Avropa Parlamenti bizim əleyhimizədir. Bəzən "Milli Şura"nın qərbdən dəstək aldığına dair tezislər səsləndirilir. Bu çox yalnışdır. Çünki heç bir ölkə hökumət səviyyəsində bu insanlara dəstək vermir. Qəti əminəm ki, Barak Obama, Angela Merkel, Fransua Olland və digər dünyanın böyük dövlətlərinin başçıları Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənlinin mövcudluğu barədə məlumatlı deyillər. Yəni dövlət səviyyəsində radikal qanadın kiminsə müdafiə etməsi anormal ola bilərdi. Kim hara istəsə gedə bilər, amma əmin olun ki belə radikalları heç kim dəstəkləməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB