Qazaxıstanda yaşayan azərbaycanlılardan İlham Əliyevə dəstək

Qazaxıstanda yaşayan azərbaycanlılardan İlham Əliyevə dəstək

Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Turan" Azərbaycan Konqresi oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir. SİA-nın məlumatına görə, bu barədə Konqresin yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, "Turan" Azərbaycan Konqresinin bütün vilayət və regionlarda fəaliyyət göstərən bölmələri və konqresə daxil olan digər ictimai- mədəni birliklər, Azərbaycan ziyalıları yekdilliklə İlham Əliyevi dəstəkləyir.

Qazaxıstan azərbaycanlıları daha sonra öz doğma vətənlərindən uzaqda yaşasalar da, Azərbaycanda baş verən prosesləri yaxından izlədiklərini və cərəyan edən hadisələrə biganə qalmadıqlarını qeyd edir: "Biz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafının, dünya birliyində özünə layiqli yer tutduğunun şahidiyik. Azərbaycan çox sürətlə inkişaf edir və bu tərəqqi bizi hədsiz sevindirir. İnanırıq ki, Azərbaycan xalqı yenidən düzgün seçim edəcək".

Qeyd edək ki, "Turan" Azərbaycan Konqresi Qazaxıstanda ilk yaranan Azərbaycan diaspor təşkilatıdır. 1991-ci ildə təsis olunan konqresin hazırda ölkənin 13 bölgəsində şöbələri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə