Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi İlham Əliyevi dəstəkləyir
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi müraciət yayıb. SİA-nın məlumatına görə, müraciətdə 9 oktyabrda keçiriləcək prezident seçkilərinin önəmi vurğulanaraq deyilir: "Bu seçkilərin nəticəsi qarşıdakı beş ildə Azərbaycanın dünya ictimaiyyətində siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını ölkə vətəndaşlarının rifahını, müvəffəqiyyətini müəyyən edəcək".
Müraciətdə həmçinin qeyd olunur ki, Azərbaycan bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında mövqeyi güclənib, keçirilmiş islahatlar nəticəsində sosial-ictimai həyat səviyyəsi yüksəlib, həmçinin təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində böyük nailiyyətlər əldə olunub.
Ölkəmizin Qərb və Şərq sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın mərhələlərini uğurla keçən bir dövlətə çevrilməsi məhz Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində mümkün olub. Həmçinin Azərbaycanın dövlət səviyyəsində yeridilən xarici siyasəti, həmçinin diaspor quruculuğu siyasəti hər bir dünya azərbaycanlısı üçün fərəhli və effektiv olmuşdur. Bütün bunlar əlbəttə şəxsən prezident İlham Əliyevin böyük zəhməti nəticəsində əldə olunub.
Daha sonra müraciətdə bildirilir ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyəti, Koordinasiya Şurası Azərbaycanımızın gələcəyi naminə qarşıdan gələn prezident seçkilərində fəal iştirak etmək və İlham Əliyevə səs vermək barədə yekdil qərar qəbul edib.
Qeyd edək ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi 2008-ci ildən Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Berlində təsis edilib. Mərkəzdə 40-a yaxın Azərbaycan cəmiyyəti təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB