Suraxanı gəncləri Azərbaycanımızın sabahına səs verəcəklər

Suraxanı gəncləri Azərbaycanımızın sabahına səs verəcəklər

Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində gənclərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ölkəmizin həyatında önəmli rol oynayan 9 oktyabr prezident seçkilərinə az bir müddət qalıb və rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində silsilə tədbirlər keçirir. O qeyd edib ki, növbəti görüş ölkə həyatında aparıcı qüvvəyə malik olan gənclərlədir: "Ölkəmizdə müstəqillik illərində böyük, vətənpərvər gənclər ordusu yaranmışdır. Demək olar ki, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclik Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, dövlət qarşısında duran vacib problemlərin həllinə sanballı töhfəsini verməkdədir".

V.Seyidov bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin sütunlarının təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğunu bildiri: "Hazırda Azərbaycan gənci öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir. Cənab İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramları gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaratmışdır. İnanıram ki, Suraxanının gənc seçiciləri Cənab İlham Əliyevi dəstəkləyərək, Azərbaycanımızın sabahına səs verəcəklər".

Azərbaycanda gedən ictimai-siyasi proseslərə nəzər salan millət vəkili Sevinc Fətəliyeva Azərbaycanın bugünkü inkişafını, iqtisadi qüdrətə malik olmasını Azərbaycan Prezidenti İlham Əliyevin 10 illik fəaliyyətinin nailiyyəti kimi qiymətləndirdi. Siyasi aləmdə, beynəlxalq miqyasda tanınan, möhtəşəm layihələrə imza atan Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründəki uğurları nəzərdən keçirərək, ölkəmizin dinamik inkişafına diqqət çəkdi. O bildirdi ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sadiq və layiqli varis olduğunu siyasi fəaliyyətində və əməlində təsdiqlədi. Azərbaycanın maraqlarına xidmət edən layihələri ilə dünyada Azərbaycanın söz və əməl sahibi olduğunu nümayiş etdirdi. Millət vəkili gənclərin sabitliyə, güclü iqtisadi inkişafa səs verəcəklərini bildirdi. Qazanılmış uğurların məntiqi nəticəsi olaraq 9 oktyabrda hamını bir nəfər kimi bu siyasətin davamına - Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edərək, bildirib ki, 10 illik prezidentliyi dövründə Cənab İlham Əliyev gənclər siyasətini yüksələn xətt üzrə inkişaf etdirdi, bu sahədə uğurların əldə olunmasını xüsusi dövlət proqramları ilə diqqət mərkəzində saxladı: "Prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş tədbirlər nəticəsində ölkədə gənclər təşkilatlarının ictimai həyatın bütün sferalarında fəaliyyətlərini aktivləşdirdi. Bu gün Azərbaycan gəncliyini təmsil etməyimizlə qürur duyuruq. Bu qüruru bizdə yaradan davamlı inkişaf, sabit və firavan dövlətdə yaşamağımız və millətimizə, xalqımıza və vətənimizə xidmət ruhunda tərbiyə olunmağımızdır".

Gənclərə üzünün tutan R.Məmmədov seçki hüqüqundan düzgün istifadə edib, onları prezident seçkilərində fəal olmağa və hər kəsi vicdanının səsinə qulaq asmağa çağırıb.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva qeyd edib ki, ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət-gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət-gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. O, Suraxanı gənclərini gələcəyə, tərəqqiyə və İlham Əliyev səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Sevda Kərimova, Ramiz Həsənzadə, Zaur Ələkbərov və başqa fəal çıxış edərək Azərbaycanın gözəlləşdiyini, çiçəkləndiyini vurğulayıb, bunun təməlində iqtisadi inkişafın, siyasi sabitliyin dayandığını qeyd ediblər və Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə