Gələcək inkişaf Cənab İlham Əliyevlədir FOTOLAR

Gələcək inkişaf Cənab İlham Əliyevlədir FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi rayon 8–ci mikrorayon ərazisində yaşayan sakinlərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, artıq prezident seçkilərinə sayılı günlər qalıb: "9 oktyabrda prezident seçkiləri keçiriləcək və Azərbaycan xalqı növbəti beş ilin təminatı üçün öz prezidentini seçəcək. Prezident İlham Əliyev tərəfindən son 10 ildə aparılan məqsədyönlü siyasət nəticəsində böyük uğurlar əldə edilib. Bu gün Azərbaycanın inkişafı ictimai həyatın bütün sahələrində hiss olunur. İqtisadiyyatın bütün sahələrində davamlı inkişaf özünü göstərir və bu inkişaf növbəti illərdə də hiss ediləcək".

Rayon təşkilatının sədri bildirib ki, bu gün ölkənin müstəqilliyi Prezident İlham Əliyev tərəfindən daha da möhkəmlənir, Azərbaycanın dünyanın stabil dövlətlərindən birinə çevrilir. Sonra o, 8-ci mikrorayon sakinlərini seçkilərdə fəal şəkildə iştirak etməyə və cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə çağırıb.

Sonra tədbirdə çıxış edən Binəqədi rayon təşviqat qrupunun üzvü Taleh Həmid ölkədə davam edən inkişaf prosesindən, ölkəmizin beynəlxalq nüfuzunun artmasından danışıb: "Aparılan siyasətin nəticəsidir ki, elmə, təhsilə və mədəniyyətə diqqət artırılır. Bu gün ölkədə düzgün sosial siyasət aparılır. Gənclər xaricdə ən nüfuzlu universitetlərə göndərilir: "Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsi Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Tədbirdə çıxış edən rayon təşviqat qrupunun üzvü Ələsgər Qurbanov ölkəmizin siyasi durumunu, Azərbaycana qarşı bəzi dövlətlərin münasibətini bildirib. O qeyd edib ki, bu gün Azərbaycana qarşı dünyada ikili standartlar siyasəti hələ də davam edir. Azərbaycanın inkişafını istəməyən bəzi qüvvələr hər vəchlə inkişafa mane olmaq istəyirlər: "Mövcud münasibətə baxmayaraq, Azərbaycan inkişaf edir və Cənab İlham Əliyev tərəfindən cəmiyyətin bütün sahələrinin inkişafı üçün genişmiqyaslı layihələr gerçəkləşir. Müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra olunur".

Azərbaycanın ölkə başçısı tərəfindən inamla idarə edildiyini qeyd edən Ə.Qurbanov hər kəsi seçkilərdə fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə səsləyib.

Sonra tədbirdə çıxış edən Binəqədi rayonu 8-ci mikrorayon sakinləri seçkilərdə fəal iştirak edərək İlham Əliyevə səs verəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, gələcək inkişaf üçün, stabillik üçün hər kəsin seçimi cənab İlham Əliyev olmalıdır.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə