"Prezidentin jurnalistlərin dostu seçilməsi onun mətbuata göstərdiyi qayğıya adekvat cavab idi"

"Prezidentin jurnalistlərin dostu seçilməsi onun mətbuata göstərdiyi qayğıya adekvat cavab idi"

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) media nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində Prezident İlham Əliyev Jurnalistlərin dostu seçilib. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Bu barədə SİA-ya açıqlama verən mətbuat kapitanları dövlət başçısının mətbuatın dostu olduğunu faktlara söykənən fikirləri ilə əsaslandırıblar.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərin dostu seçilməsi tamamilə məntiqli haldır. Azərbaycan mətbuatı heç vaxt bugünkü qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb: "Son 10 ili mətbuatımızın inkişaf tarixinin qızıl dövrü adlandırsaq, yanılmarıq. Bu gün jurnalist peşəsinin ictimai nüfuzu olduqca yüksəlib. Buna səbəb Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində jurnalistlərin sosial-məişət problemlərinin həll olunması, eyni zamanda yüksək məvaciblə təmin olunmasıdır. Ölkə başçısı müxtəlif ideoloji cəbhələrdə olan qəzetlərin hamısına eyni dərəcədə qayğı göstərir. Həm müxalifət, həm də iqtidar mətbuatı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan eyni dərəcədə dəstək görür. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyev sözün əsl mənasında jurnalistlərin dostudur. Ölkə başçısının jurnalistlərin dostu seçilməsini, onun mətbuata göstərdiyi diqqət və qayğısına adekvat cavab kimi qiymətləndirmək olar".

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid: "Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatına və media nümayəndələrinə diqqət və qayğı ilə yanaşıb. Cari ilin 22 iyul tarixində ölkəmizdə dünyada analoqu olmayan addım atıldı. 156 jurnalist mənzillə təmin olundu. Bu, ölkə başçısı tərəfindən atılan humanist bir addımdır. Mətbuat nümayəndəsi olaraq demək istəyirəm ki, Prezident İlham Əliyev bütün bunlarla Azərbaycan mətbuat tarixinə adını böyük hərflərlə yazdı. Prezident İlham Əliyev hər zaman jurnalistlərin dostudur və dostu olaraq da qalacaq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "Prezident İlham Əliyevin jurnalistlərin dostu olması təbii haldır. Dövlət başçısı 10 illik hakimiyyəti dövründə mətbuatımızda olan problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər gördü. Azərbaycan mətbuatının bugünkü vəziyyətinə nəzər yetirsək, Prezident İlham Əliyevin həqiqətən də jurnalistlərlə dostluğa söykənən, sağlam təməl üzərində qurulmuş bir siyasətin layiqli davamçısı olduğunun şahidi olarıq. Bir sözlə, mətbuatın yüksək səviyyədə inkişafı üçün istənilən şərait yaradılıb. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən jurnalistlərin mənzillə təmin edilməsi hər bir mətbuat nümayəndəsinin sevincinə səbəb olub. Bu da ölkə mətbuatına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev jurnalistlərin dostu olduğunu bir daha təsdiq etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə