Cəmil Həsənli ağbirçək nənə qarşısında duruş gətirə bilmədi REPORTAJ

Cəmil Həsənli ağbirçək nənə qarşısında duruş gətirə bilmədi REPORTAJ

"Demokratik qüvvələrin Milli Şura"sının prezidentliyə namizədi Cəmil Həsənlinin "gənclərlə görüş"ü keçirilib. Görüşün gənclərlə keçiriləcəyi bildirilsə də tədbirdə çox az sayda gəncin iştirak etdiyinin şahidi olduq. Həmçinin hər zaman görməyə alışdığım simalar başbilənlik edirdilər.

Qeyd edək ki, "demokratiya carçısı" Cəmil Həsənli toplantıya düz bir saat gec qatıldı. Sonradan biləcəyik ki, bu taktika kinoteatrın zalına toplaşanlara "əl gəzdirmək" üçün imiş. Buna qədər "Milli Şura" namizədinin səlahiyyətliləri - Gülağa Aslanlı və İbrahim İbrahimli hakimiyyətə yönəlik əsassız ittihamlarla, həqiqətə uyğun olmayan ifadələrlə tədbirə gələn azsaylı insanların, ora toplaşan əhalinin başını qatmağa çalışırdılar. Çıxışlarında guya hazırki iqtidarı tənqid etmək adı altında heç bir məntiqə sığmayan təhqirlərə yol verirdilər. Yəni, sivil mübarizənin nə olduğunu bilməyənlər özlərini lap 1990-cı illərin küçə mitinqlərindəki kimi başıpozuq kütlə kimi aparırdılar. Pafoslu ifadələr, boğazdan yuxarı çıxışlar, hakimiyyətə gələcəkləri gündən başlayaraq Qarabağı bir həftəyə, yoxsulluğu sıfır həddinə, maaşları misli görünməmiş həddə artıracaqlarından, qazın, işığın, suyun əhaliyə pulsuz veriləcəyindən, bir sözlə ölçülərinə uyğun gəlməyən rəqəmlərlə seçiciləri iştahlandırırdılar. Amma anlamırlar ki, nə zaman yerində saymır, nə də Azərbaycanın sürətli inkişafı. Yerində sayan isə yalnız "demokratlar"dır.

Namizədin sözçüləri kinoteatra toplaşanların başını boş vədlərlə, hakimiyyət nümayəndələrini təhqir etməklə qatmaq istədikləri məqamda ahıl bir kişi onların çıxışına etiraz etdi. Bildirdi ki, "Azərbaycanda vəziyyət hər şey siz deyən kimi deyil". Amma yaşlı seçici ağzını açmağa peşiman oldu. Elə bu an səhərdən özlərini demokrat, insanların himayədarı adlandıran, hamıya uca-uca dağlar vəd edən qaragüruhçular ortada bir tozanaq qopardılar ki, yazıq kişi dediyinə peşman oldu. Kişiyə "sən təxribatçısan" deyib onu qucaqlarına alıb bayıra atdılar.

Kinoteatrın cəmi 450 nəfər tutduğunu nəzərə alan Milli Şura təmsilçiləri çalışırdılar ki, zalı öz tərəfdarları hesabına doldursunlar. Ona görə də zaldakılar bir-bir yoxlanılır, "çujoy" adamlar müxtəlif bəhanələrlə uzaqlaşdırılırdı. Təkcə bir faktı demək kifayətdir ki, zalın düz yarısı Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri, təbliğat-təşviqat qrupunun üzvləri idi. Qalanları isə Milli Şuraya daxil olan partiyaların gənclər təşkilatının üzvləri.

Maraqlı bir faktı da izlədik. Xətai rayonunda yaşayan gənclərin heç biri tədbirə buraxılmırdı. Tədbir "gənclərlə görüş" adlandırılsa da Xətai rayonundan yalnız qocalar zala buraxılırdı. Bir iki gənc gözdən yayının içəri daxil olsa da, onlar da təxribatçı adı ilə oradan "sürgün" edildi. Bir sözlə zala yalnız özlərinin lazım bildiyi şəxsləri toplamışdılar. Adam lap özünü bazardakı kimi hiss edirdi. Hərə bir söz danışır, hətta mikrofonla danışığı eşitmək mümkün belə deyildi.

Nəhayət ki, "Milli Şura"nın Conu (Cəmil Həsənli) bir saatlıq intizardan sonra sevənlərinə qovuşdu. Bu arada haşiyədən kənara çıxaraq bildirək ki, səhnədə kimi desən tapmaq olardı. Kim gəldi ora çıxır, kefi istəyən kimi qalxır, enir, hətta Conun başına fırlanır. Bu mənzərəni görəndə yaxın keçmiş, bunların hakimiyyətdə olduğu dövr yada düşür. Demokratiya deyib "bəy"in qabağından mikrofonu alan, Elçibəyin yumşaq çıxışından bezib prezidenti kürsüdən itələyən, onun siqaretinin közünə siqaret yandıran və nəhayət ədəb-ərkanın, böyük-kiçiyin silindiyi AXC-Müsavat hakimiyyəti gözümüzün önünə gəlir.

Conun (Cəmil Həsənlinin) dediklərini sadalamaq niyyətində deyilik. Çünki deməyə sözləri yox idi. Hər kəsə də bəllidir ki, Milli Şuranın namizədi bir neçə debatda iştirak etməklə söz bazasın tükədib. Artıq nə desin? Absurd, bir-birini inkar edən fikirlər, hakimiyyətin və ayrı-ayrı şəxslərin təhqir edilməsi və.s. Açığı ondan başqa heç nə də gözləmək olmur. Dəhşətdir, alim, tarixçi seçicilərə deməyə söz tapa bilmir. Seçkilərə az qalsa da hələ də kimsə Cəmil Həsənlinin platforması ilə tanış deyil.

...Conun bank faizlərinin çox olmasına dair çıxışı zamanı seçicilərdən biri onun dediklərinə etiraz edir. Yenə də "demokratlar" qollarını çırmayaraq əsl simalarını, söz azadlığını necə qoruyacaqlarını nümayiş etdirirlər. Cəmil Həsənlinin əvəzinə zaldakıların hamısı danışır, qışqırır, söyür, təhqir edir. Namizəd mikrofonla nə isə anlatmağa çalışır, yerdən elə bərkdən qışqırırlar ki, Cəmil Həsənli mikrofonla onların səsinin batıra bilmir. Ara qarışır, Conu saya salan, onun çağırışlarına qulaq asan yoxdur. Hamı tribunanın yanına toplaşır. Zaldakılar isə bu söhbətlərdən bezib zalı tərk edir, bir qismi isə sadəcə düşdükləri acı duruma gülürlər.

Amma bu hələ pik nöqtə deyil. Bəli, Con bir saatdır ki, hakimiyyəti pisləyən fikirlər səsləndirir. Nəhayət gözlənən sonluq sakinlərdən bir ağbirçək (70 yaşlarında) söz istəyir. "Hakimiyyətə gəlirsizsə və biz sizi dinləyiriksə, siz də bizi dinləməlisiniz", deyir. Bu an Con gözləri bərəlmiş halda: "Ağbirçəyə, anamıza söz verin. Qoy o da bu iqtidarın xalqa etdiklərindən danışsın". Əsl mərəkə də xanımın replikasından sonra başlandı. "Heydər Əliyev və İlham Əliyev xalqa heç vaxt pis rəhbər olmayıblar. Sizin ölkəni başlı başına qoyub getdiyiniz vaxt, Heydər Əliyev Azərbaycanda axan qanı durdurdu, atəşkəs əldə etdi. Nə üçün Prezidentimizi pisləyirsiniz?", deyəndə zala ani sükut çökdü (Bu çıxış çox güman ki, Cəmilə və onun dəstəsinə tərs şapalaq idi). Birdən ağbirçək nənəyə söyüşlər yağmağa başladı. Qadın isə susmurdu: "Prezidentim hər bir Azərbaycanlının prezidentidir".

Cəmil Həsənlinin cavabı isə ləyaqətdən, əxlaqdan çox uzaq oldu. O yenə hakimiyyəti təxribatda suçladı.

Bütün bunlar Conun (Cəmil Həsənlinin) gənclərlə görüşündə şahidi olduqlarımız idi.

Bütün xəbərlər Facebook səhifəmizdə