Almaniya Bundestaqına etiraz məktubu göndərilib

Almaniya Bundestaqına etiraz məktubu göndərilib

Cari ilin sentyabrında Almaniya Bundestaqının üzvü Yürgen Klimkenin təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri qanuni səfəri Almaniyada yaşayan azərbaycanlıların da ciddi narazılığına səbəb olmuşdur. Bununla əlaqədar olaraq Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi Bundestaqa etiraz məktubu göndərib. Məktubda deyilir ki, Yürgen Klimkenin bu səfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsinə dair BMT, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə zidd hərəkət kimi qiymətləndirilir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və bu bölgəyə edilən hər bir səfər rəsmi Bakının razılığı əsasında həyata keçirilməlidir.

Məktubda qeyd edilib ki, Almaniya Federativ Respublikasının rəhbərliyi dəfələrlə bu prinsipləri rəsmi şəkildə dəstəkləyib və Yürgen Klimkenin Dağlıq Qarabağa qeyri qanuni səfəri öz ölkəsinin də siyasətinə ziddir. Onun heç bir ölkə tərəfindən tanınmamış "qondarma respublikanın qondarma hökumət başçısı" ilə görüşü nəinki beynəlxalq hüquq normalarının pozulması və təcavüzkara bəraət qazandıran bir hərəkət, eləcə də Avropa İttifaqının və ümumiyyətlə beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həlli istiqamətində apardığı siyasətə qarşı atılan addım kimi qiymətləndirilə bilər. Bu isə Cənubi Qafqazda hökm sürən mürəkkəb münasibətləri daha da gərginləşdirir və sülh danışıqlarına zərbə vurur.

Mərkəz Almaniyada yaşayan azərbaycanlılar adından bu cür təhrikedici hərəkətlərin gələcəkdə qarşısının alınmasının zəruri olduğunu vurğulayır və bildirir ki, belə addımların qarşısının alınması Azərbaycan-Avropa, xüsusilə də Azərbaycan-Almaniya münasibətlərinin müsbət inkişafına yardım etmiş olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə