Qaradağ sakinləri ilə növbəti görüş keçirilib

Qaradağ sakinləri ilə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahı tərəfindən qaradağlı seçicilərlə növbəti görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Siyasi şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkilləri Ağalar Vəliyev, Madər Musayev, "Sədərək" firmasının direktoru Yunis Qədimbəyli və digər şəxslər iştirak edib.

YAP Siyasi şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək bildirib ki, prezident seçkiləri hər bir xalq, dövlət üçün böyük əhəmiyyət kəsb edir: "Prezident seçkiləri xalqın, dövlətin gələcəyini müəyyənləşdirir və heç bir ölkədə buna biganə yanaşılmır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanda çox böyük demokratik prinsiplərə söykənən idarəetmə sistemi formalaşıb. Ölkəmiz demokratik prinsiplərə söykənərək dünyanın özünə də bunu tətbiq etməkdədir. Azərbaycan çox böyük sürtələ inkişaf edir. Ölkəmizin iqtisadi-siyasi nailiyyətləri dünyanın özündə belə Azərbaycan adlı dövlətin obrazını formalaşdırıb. Bu da təbii ki, əbəs yerə deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, strategiya Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Ölkədə əldə olunan bütün nailiyyətlərin kökündə və əsasında dövlət başçısının zəhməti, zəkası və insanlara olan münasibəti dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas ana xəttini özəl sektorun inkişafı tutur. Ölkə başçısı özəl sektora bir dövlət siyasəti olaraq diqqət yetirir. Hər kəsi 9 oktyabrda hakim partiyanın namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıram".

Millət vəkili Ağalar Vəliyev isə çıxış edərək Azərbaycan dövlətinin mühüm siyasi dövr yaşadığını diqqətə çatdırıb: "Bildiyiniz kimi 9 oktyabr ölkəmizdə prezident seçkiləri günüdür. Bu bizim ölkəmiz üçün çox taleyüklü bir məsələdir. 2003-cü ildə Ümummilli lider Heydər Əliyev xalqa müraciət edərək seçkilərdə İlham Əliyevi dəstəkləməyi tövsiyə edib. Qədirbilən xalqımız müdrik sözə qulaq asdılar, həmin andaca öz səslərini Prezident İlham Əliyevə verdilər. Dövlət başçısının elmi əsaslara söykənən iqtisadi siyasəti günü-gündən inkişaf edir. Hər kəsə də məlumdur ki, ölkəmiz son zamanlar hansı iqtisadi dirçəliş yolu keçib. Azərbaycanın büdcəsi son 10 ildə 19 dəfə artıb. Eləcə də tikinti 7.7, nəqliyyat sektoru 2.2 dəfə artıb. Bununla belə humanitar və elmi sahəyə ayrılan vəsait 10.2 dəfə, təhsilə ayrılan vəsait isə 7.2 dəfə artıb. Ümumilikdə Azərbaycanda 4 min 500-ə yaxın məktəb var idi. Son 10 ildə isə artıq bunun 2700-ü təmir olunub. Eləcə də səhiyyə sahəsinə ayrılan dövlət vəsaiti son 10 il ərzində 13.6 dəfə artıb. Ölkəmizdə 95-ə yaxın xəstəxana, 119 poliklinika tikilib, istifadəyə verilib".

Milli Məclisin deputatı Madər Musayev söz alaraq diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin son 10 il ərzində Azərbaycanda gördüyü işlər hər birimizin gözləri önündədir: "Hətta biz bunları həm televiziya, həm də digər mətbuat orqanlarında görür və oxuyuruq. Bu gün dövlət başçısının bölgələrə səfəri zamanı açılışını etdiyi yeni-yeni müəssisələr, obyektlər hər birimizi daha da sevindirir. Mən cənab Prezident İlham Əliyevlə 1995-ci ildə Qaradağ rayonundan deputat olmuşam. Həmin ildə Qaradağ sakinlərinin dövlət başçısına nə qədər böyük önəm verdiyinin şahidi olmuşam. Azərbaycanda YAP-ın 600 min üzvü var. Mən hamılıqla hər bir kəsi 9 oktyabrda müəyyən olunmuş məntəqələrə gələrək, İlham Əliyevə səs verməyə səsləyirəm".

Sonda isə bir qrup seçici çıxış edərək, 9 oktyabrda keçiriləcək seçkilərlə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə