Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələrinin seçimi bəllidir FOTO

Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələrinin seçimi bəllidir FOTO

Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Seçki Qərargahı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan xalqının əlamətdar tarixi gün ərəfəsində olduğunun bildirərək, ölkəmizin keçdiyi qısa tarixi yola nəzər salıb.

O, Azərbaycanın iqtisadi, sosial, mədəni həyatındakı dəyişiklik və uğurları qeyd edərək ölkəmizin günü-gündən çiçəkləndiyini diqqətə çatdırıb: "Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. Çünki son 10 il ərzində böyük işlər görülüb. Görülən işlər, irimiqyaslı layihələr ətrafında çox danışılıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu siyasəti davam etdirir".

M. İbrahimqızı Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını da vurğulayıb: "Ölkənin gələcək inkişafı və stabillik üçün hər kəs cənab İlham Əliyevə səs verəcək".

Görüşdə çıxış edən digər millət vəkili Ülvi Quliyev prezident seçkilərinin məsuliyyətli hadisə olduğunu diqqətə çəkərək, müstəqil Azərbaycanın inkişafına nəzər salıb. O, ölkəmizin daxili və xarici siyasətini, sosial-iqtisadi nailiyyətləri qeyd edərək Azərbaycanda 10 ildə əhəmiyyətli tarixi hadisələrin baş verdiyini bildirib: "Bütün yaşanılan uğurlar dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan tarixində əlamətdar hadisələrdən biri də ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, Cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev ölkənin enerji təhlükəsizliyini təmin edib. Aparılan uğurlu daxili siyasətin, quruculuq işlərinin nəticəsidir ki, Azərbaycan bölgələri inkişaf edib".

"Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyinin sədri Azər Quliyev dövlətimizin şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlandığını, onların problemlərini həlli istiqamətində görülən işləri diqqətə çatdırıb: "Prezident İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Güclü Azərbaycanın inkişafı üçün məqsədə doğru irəliləyəcəyik. Bizim devizimiz "İlhamla İrəli"-dir və bu devizlə də irəliyə doğru addımlayacayıq".

Görüşdə seçicilər ölkədə gedən inkişafla bağlı çıxış edərək, Cənab İlham Əliyevə səs verəcəklərini qətiyyətlə bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə