Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşkilat kampaniyası Yasamal rayonunda da uğurla davam edir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində bu gün Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib: "Xalqın seçimi cənab İlham Əliyevdir. Çünki Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir".
Çıxış edən millət vəkili İsa Həbibbəyli isə bildirib ki, İlham Əliyev istər dövlətçilik təcrübəsi, istərsə də idarəetmə baxımından digər namizədlərdən kəskin fərqlənir.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 10 il ərzində həyata keçirilən uğurlu siyasətdən və inkişafdan danışıb: "Hər bir Azərbaycan vətəndaşı hesab edir ki, növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti illərdə nailiyyətlər qazanmasını təmin edəcək. Xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə inamı YAP-ın növbəti sınaqdan da üzüağ, qələbə ilə çıxacağını deməyə əsas verir".
Görüşün sonunda Yasamal rayon sakinləri çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə-İlham Əliyevə səs verəcəklər. Sakinlər bir daha vurğulayıblar ki, Prezident İlham Əliyevin 10 il ərzində Azərbaycan xalqına xidməti danılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB