Ağdaşlıların bir seçimi var - İlham Əliyev FOTO

Ağdaşlıların bir seçimi var - İlham Əliyev FOTO

Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə növbəti 3 görüş keçirilib. Görüşlərin ikisi rayonun Mürsəl və Korarx kəndlərində yaşayan seçilərlə, digər görüş isə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının İdeoloji mərkəzində partiyanın Ağdaş şəhərindən olan fəalları ilə baş tutub. Hər bir görüşdə yerli Təbliğat qrupunun üzvləri böyük coşqu ilə qarşılanıb.

Çıxışlarda son 10 ildə cənab İlham Əliyevin ölkəmiz və onun inkişafı üçün görmüş olduğu işlərdən danışılıb. Görüşlər zamanı öz fikirlərini bölüşən Təbliğat qrupunun üzvləri və seçicilər Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında hər gün inkişaf etdiyini və bu inkişafın hər bir vətəndaşın şəxsi həyatında özünü biruzə verdiyini vurğulayıblar. Ölkə ərazisində geniş vüsət almış tikinti-quruculuq işlərinin Ağdaş rayonundan da yan keçmədiyi, cənab Prezident İlham Əliyevin Ağdaşa, ağdaşlılara xüsusi qayğısının olduğu da görüş iştirakçılarının diqqətinə çatdırılıb, Ağdaş rayonunda son illərdə görülən işlər bunlara sübut olaraq göstərilib.

Bildirilib ki, yeni tikilib istifadəyə verilən baxça və məktəb binaları, su-kanalizasiya sisteminin yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün həyata keçirilən tədbirlər, yolların yenidən asfaltlaşdırılması və təmir olunması Ağdaş rayonunda görülmüş işlərin yalnız bir qismidir.

Çıxışlarda yekdilliklə qeyd olunub ki, ağdaşlılar dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin bütün diqqət və qayğısını hər zaman yüksək qiymətləndirib, öz seçimlərini isə hələ 10 il öncə ediblər. 9 oktyabrda keçiriləcək prezident seçkilərində də ağdaşlılar yüksək seçki mədəniyyəti nümayiş etdirərək bu seçimi bir daha təsdiqləyəcəklər. Ağdaşlıların yalnız bir seçimi var – o da İlham Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə