Azərbaycan Respublikasının prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki-təşviqat kampaniyası çərçivəsində ölkənin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində görüşlər keçirilir. Dünən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında rayonun gənc seçiciləri ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 9 oktyabr prezident seçkilərinə hazırlıq işləri barədə danışdı. Bildirdi ki, prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası Xəzər rayonunda uğurla davam edir. Partiyanın Xəzər rayon təşkilatında bu prosesdə gənclər fəallıq nümayiş etdirir. Belə ki, partiyanın gənc fəalları bu kampaniyada ciddi səylər göstərərək, hər bir seçici ilə görüşür. Bir sözlə, seçicilərin fəallığının artırılması və maarifləndirmə işinin sürətləndirilməsi bu gün partiya üzvlərinin, eləcə də gənclərin qarşısında dayanan əsas vəzifələrdəndir.
N.Əhmədov çıxışında diqqəti bu gün bölgələrdə, Bakı və Bakıətrafı qəsəbələrdə gedən sosial-iqtisadi inkişafa yönəltdi. Bildirdi ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın hərtərəfli inrkişafına zəmin yaratdı. Bu gün Azərbaycanın elə bir bölgəsi, qəsəbəsi yoxdur ki, orda yenidənqurma, abadlıq işləri həyata keçirilməsin.
Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov gənclərə dövlətin diqqət və qayğısından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə dövlət səviyyəsində diqqət və qayğı son on ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, gənc kadrların yetişdirilməsi istiqamətində atılan addımlar və s. bu sahədə görülən işlərin tərkib hissələrindəndir.
Gənclərlə görüşdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev gəncləri salamlayaraq çıxışında əsas diqqəti dövlət başçısının gənclərə diqqət və qayğısından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğının dövlətin
həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevrilməsi, ötən illərdə bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Prezident İlham Əliyevin dövlət idarəçiliyində gənclərin irəli çəkilməsinə xüsusi diqqət ayırması siz gənclərə diqqətin bariz nümunəsidir. R.Əliyev qeyd etdi ki, Azərbaycan gəncliyi bu gün inkişaf mərhələsini yaşayır. Gənclərin xarici ölkələrdə təhsillərini davam etdirməsinə dair Dövlət Proqramının təsdiqlənməsi də atılan addımların tərkib hissələrindəndir. Milli Məclisin deputatı ölkəmizdə gənclərin təhsilinin vacib amil olduğunu, yeni məktəb binalarının tikintisini, təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsini önə çəkərək gəncləri bu kimi minlərlə reallıqlara səs verməyə çağırdı.
Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevinin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov əsas diqqəti seçicilərin fəallığının artırılmasının, maarifləndirmə işinin sürətləndirilməsinin vacibliyinə yönəltdi. Qeyd etdi ki, seçicilər məntəqələrə gələrək, prosesdə fəal iştirak etməklə cənab İlham Əliyevin növbəti beş il üçün yenidən prezident seçilməsini təmin edəcəklər. Gerçəklik budur ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu da həyata keçirilən siyasətin əsasında dövlətə, xalqa xidmətin dayanmasından irəli gəlir.
1990-cı illərin əvvəllərində o zamankı səriştəsiz hakimiyyətdə olanların siyasi təcrübəsizliyindən, ölkədəki xaosdan, özbaşınalıqdan gənclərə ətraflı məlumat verən S.Novruzov çıxışında Azərbaycanın bu gün artan nüfuzundan, gənclərə dövlət qayğısından geniş bəhs etdi. YAP icra katibinin müavini qeyd etdi ki, bu gün gənclərin normal fəailyyəti üçün hər cür şərait yaradılıb. Azərbaycan gəncləri cənab İlham Əliyevin siyasətini dəstəkləyir, ətrafında sıx birləşirlər. Yeni Azərbaycan Partiyası gənclərə arxalanır, gənclərin qüvvəsinə, bacarığına meydan yaradan partiyadır. Gənclərin YAP-ın namizədinə səs verməklə demokratiyaya, inkişafa, haqq-ədalətə sədaqətini nümayiş etdirəcəyini bildirdi.
Prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi ümummilli lider Heydər Əliyevin yaratdığı, qurduğu müstəqil Azərbaycan dövlətinin cənab İlham Əliyev tərəfindən uğurlu inkişaf yoluna qədəm qoyduğunu bildirdi. Qeyd etdi ki, İlham Əliyev Azərbaycanın sürətli inkişafının və milli mənafeyinin qətiyyətli təminatçısıdır. YAP-ın icra katibinin müavini cənab İlham Əliyevin böyük işlər gördüyünü, bu inkişaf strategiyasının əsasının ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. S.Novruzov YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini bildirdi.
Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi çıxışında bütün gəncləri 9 oktyabr prezident seçkilərində fəal olmağa çağırdı. Bildirdi ki, prezident seçkilərinin bütün mərhələlərində gənclər fəallıq nümayiş etdirməklə bir daha cənab İlham Əliyevin siyasətinə sadiq olduqlarını təsdiqləyirlər. "Cənab İlham Əliyevə səs vermək Azərbaycanın xoşbəxt, firavan gələcəyinə səs verməkdir."
Sonra YAP Sədrinin keçmiş müavini, Partiyanın qurucularından biri, mərhum Murtuz Ələsgərovun nəvələri Murtuz və Şahin Ələsgərovlara Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu.








Orxan Vahidoğlu, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB