Nizami rayon ağsaqqalları İlham Əliyevə səs verəcək

Sədaqət Vəliyeva: Xalq Prezident İlham Əliyevlədir, Onun siyasətini dəstəkləyir
Nizami rayon ağsaqqalları İlham Əliyevə səs verəcək

Azərbaycanda 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirilməsi davam etdirilməkdədir. Builki seçkilərlə bağlı keçirilən görüşlər siyasi əhəmiyyəti ilə yanaşı, bir çox psixoloji tərəfləri ilə də yadda qalır. Hətta görüşlərdə nitq söyləməkdən çəkinən seçicilər belə, görüşlərin təşkili və axıcılığı baxımından təsirlənərək öz ürək sözlərini və Prezident İlham Əliyevə olan dəstəklərini nümayiş etdirirlər. Bunun əyani sübutunu dünən Nizami rayon ağsaqqalları ilə keçirilmiş görüşdə bir daha gördük.

Görüşü giriş nitqi ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ağsaqqalları salamlayaraq 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini qeyd edib: "Prezidentliyə namizəd İlham Əliyevin seçki qərargahının Nizami rayon şöbəsi artıq 2 aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində seçki qərargahı texniki-təşkilati və təbliğat-təşviqat istiqamətində bir sıra işlər görüb. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün seçki qərargahının üzvləri bir çox görüşlər keçirib və təbliğat məsələləri ilə məşğul olub. Bir sözlə, biz çalışırıq ki, builki seçkilər uğurla inkişaf edən dünya dövlətləri arasında öncül sıralarda qərarlaşan Azərbaycanın nüfuzuna, gücünə layiq olsun. Bəzi qüvvələr öz məğlubiyyətlərini əvvəlcədən görərək çalışırlar ki, insanları seçkilərdən uzaqlaşdırsınlar. Amma təşkil olunan görüşlərə gələn insanların sayı bir daha onu sübut edir ki, xalq Prezident İlham Əliyevlədir, Onun siyasətini dəstəkləyir".

Daha sonra çıxış edən millət vəkili Ağacan Abıyev görüşə gəlmiş ağsaqqalları bir daha salamlayaraq deyib ki, bu görüşü biz Prezident İlham Əliyevi sevən və dəstəkləyən Nizami rayonu ağsaqqalları ilə keçiririk: "Bu gün Nizami rayonu sürətlə inkişaf edən Bakı rayonlarından biridir. Bu gün Azərbaycanda elə bir kənd, qəsəbə, rayon yoxdur ki, oranın yolu çəkilməsin, işığı, qazı olmasın. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Düşünürəm ki, bu seçkilər də demokratik və ədalətli bir atmosferdə keçiriləcək və seçkilərin alternativsiz lideri Prezident İlham Əliyev bu seçkilərdə də qalib gələcək, ölkəni növbəti beşillikdə də yeni-yeni uğurlarla zirvələrə daşıyacaq".

Çıxış edən Nizami rayonu Ağsaqqalar Şurasının sədri Mail Əliyev söyləyib ki, Prezident İlham Əliyev dövlət başçısı seçildiyi müddətdən başlayaraq Azərbaycan xalqına və dövlətinə layiqincə xidmət edir: "Bu fikir aksiomadır. Ümumiyyətlə, ölkənin bütün yerlərində olan inkişaf, abadlıq-quruculuq işləri göz qabağındadır. Prezident İlham Əliyevin təbliğata heç bir ehtiyacı yoxdur. Bu gün Nizami rayonunda bütün tələblərə cavab verən müasir uşaq baxçası, təhsil və səhiyyə mərkəzləri, parklar tikilərək istifadəyə verilir. Bu səbəbdən mən və əminəm ki, bütün Nizami rayon əhalisi Prezident İlham Əliyevi dəstəkləyir və oktyabrın 9-da Ona səs verəcək".

Çıxış edən rayon sakini Qabil Əhmədov isə bildirib ki, Nizami rayonu ağsaqqalları hamılıqla Prezident İlham Əliyevi dəstəkləyir. O, söyləyib ki, Prezident İlham Əliyevin ölkədə yürütdüyü inkişaf siyasəti, göstərdiyi səmimi münasibəti ilə xalqın rəğbətini, sevigisini qazanıb: "Prezident İlham Əliyev ölkədə yoxsulluğu aradan qaldırmaq məqsədilə böyük işlər görüb, yeni iş yerləri açıb, maaşları və təqaüdləri dəfələrlə artırıb. Biz Nizami rayon sakinləri bir nəfər kimi söz veririk ki, 9 oktyabr seçkilərində Prezident İlham Əliyevə səs verəcəyik".

Daha sonra, görüşün axıcılığı və xoş təsirindən həvəsə gələn Əşrəf Məmmədov tədbirin proqramından kənar çıxış edərək deyib ki, bizim hamımızın bir seçimi var - O, Prezident İlham Əliyevdir.

Görüşün sonunda digər qonaqlar və rayon ağsaqqalları da öz fikirlərini söyləyiblər, İlham Əliyevə olan inam və etimadlarını ifadə ediblər.

Bununla da, Nizami rayon ağsaqqallarının YAP-ın namizədi İlham Əliyevə dəstək nümayiş etdirdikləri görüş başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə