Aydın Mirzəzadə: “Ordunun fəaliyyəti daima Prezidentin diqqətində olan məsələdir” MÜNASİBƏT
"Cənab Prezidentin 10 illik fəaliyyəti Azərbaycan müasir tarixinin büllur səhifəsi adlandırılır". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkənin hərbi quruculuq sahəsində görülən işlər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 10 il ərzində Azərbaycan büdcəsi 22, valyuta ehtiyyatları isə 50 dəfəyə qədər artıb, ölkəmizdəki inkişaf paytaxtdan regionlara keçib: "Bu müddət ərzində Azərbaycanda infrastruktur köklü şəkildə dəyişib. Vətəndaşlarımızın sosial vəziyyəti hər keçən il bir az daha yaxşılaşır. Ölkəmizin demokratik iqtisadi inkişafa malik olması Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Məhz buna görə də, qarşıdan gələn prezident seçkilərində dövlət başçısına rəqib ola biləcək namizəd yoxdur. Azərbaycanın bugünki inkişafı Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır".
Bu müddət ərzində ölkəmizin hərbi quruculuq sahəsində həyata keçirilən işlərə gəldikdə, millət vəkili deyib ki, istənilən müstəqil dövlətin silahlı qüvvələri onu əsas güc faktorlarından biridir: "Silahlı qüvvələrin vəziyyəti Azərbaycan üçün ikiqat əhəmiyyət daşıyır, çünki torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Bu səbəbdən də biz torpaqlarımızı hərbi və ya siyasi təzyiq vasitəsilə işğaldan azad edə bilmək üçün güclü orduya malik olmalıyıq. Ordumuz ən güclü, ən müasir silahlarla təchiz edilib. Bu gün silahlı qüvvələrimiz NATO standartlarına uyğun qurulub. Ordunun fəaliyyəti daima Prezidentin diqqətində olan məsələdir. Bu gün Azərbaycanda ordudan yayınma halları minimuma enib. Azərbaycan gəncində hərbi vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Bütün bunlara görə də, Ermənistan ordumuzun qüdrətlənməsindən kifayət qədər ehtiyat edir. Şübhəsiz ki, bu yarışmada silahlı qüvvələri bərbad və nizamsız vəziyyətdə olan Ermənistan məğlubiyyətə məhkumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB