Yeni həmsədr: "Bölgədə sülh və inkişafın yolunu tapmaq lazımdır"
"Atəşkəsin 20-ci ildönümü yaxınlaşır. Hesab edirəm ki, bölgədə sülh və inkişafın yolunu tapmaq lazımdır. Minsk Qrupu və onun həmsədrlərinin, Azərbaycan, Ermənistan və digər bölgə ölkələrinin bərabər çalışaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi addımları atmalarının vaxtı çatıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik deyib.
Jurnalistlərin Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb-tanımadığı barədə sualını diplomat belə cavablandırıb: "Azərbaycana tərəfləri dinləmək və situasiyanı daha yaxşı anlamaq üçün gəlmişəm. Keçmişlə əlaqədar deyil, gələcəyə baxmaq və münaqişəni həll etmək üçün buradayam".
C. Uorlik rusiyalı və fransalı həmkarları ilə birlikdə işə başlamağı səbirsizliklə gözlədiyini söyləyərək öz fəaliyyətini realizm və praqmatizm əsasında həyata keçirəcəyini və hər iki tərəfin həll yolunu tapması üçün çalışacağını vurğulayıb: "Bu münaqişə 20 ildən çoxdur davam edir, bir çox insan problemin həllinə kömək etmək istəyib. Ümid edirəm ki, bütün tərəflər davamlı sülhün əldə edilməsinin onların marağına uyğun olduğunu artıq dərk edir".
Qeyd edək ki, bu, C. Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Azərbaycana və bölgəyə ilk səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB