Hikmət Babaoğlu: “Ölkəmizdə şaxələndirilmiş iqtisadi siyasət həyata keçirilir” MÖVQE
"Biz 2003-cü ildən, 2013–cü ilə qədər olan Azərbaycan tarixini müstəqil Azərbaycan dövlətinin inkişafı, tərəqqisi, yüksəliş tarixi kimi xarakterizə edə bilərik. Bu ifadələrin altındakı səciyyəvi xüsusiyyətlər sözün leksik mənasında tam tutumu ilə Azərbaycanda həyata keçirilib. Beləcə ölkə iqtisadiyyatı inkişaf edib, yeni sənaye növləri yaranıb və s". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin son 10 il ərzində ölkədə həyata keçirdiyi uğurlu iqtisadi islahatları təhlil edərkən deyib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktorunun sözlərinə görə, Azərbaycan cəmiyyətinin özünün daxili strukturunda yeni keyfiyyət dəyişikliyi baş verib: "Ölkədə yeni intellektual əsaslarda yeni cəmiyyət formalaşıb. Eyni zamanda Azərbaycanda dünyada baş verən prosesləri dərk edən, onu qavrayan və buna adekvat münasibət göstərən yəni, realist, həqiqi münasibət göstərməyi bacaran böyük bir aktiv elektorat kütlə formalaşıb. Hesab edirik ki, hər bir dövlətin daxili immunitetinin saxlanılması üçün sistemə daxil olan neqativ xarici impulsların neytrallaşması üçün bu şəkildə intellektual bir cəmiyyətin formalaşmasına böyük ehtiyac var idi. Bu, Azərbaycan cəmiyyətinin son 10 ildə əldə etdiyi ən əhəmiyyətli məsələlərdən biridir. Əgər dövlət varsa, onun qorunması üçün mütləq fərdlərin, təşkilatların, insanların intellektual mühiti və ideoloji vasitələrin olması olduqca vacibdir. Ötən 10 il ərzində Azərbaycanın ideoloji sisteminin əsas sütununu təşkil edən və Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Azərbaycançılıq ideologiyası mövcud cəmiyyətimiz tərəfindən tam mənimsənilərək, Azərbaycanın dövlətçilik ideologiyasının əsasında duran başlıca ideoloji dəsti-xəttə çevrilib. Hesab edirik ki, bu, Azərbaycan dövlətinin nailiyyətidir".
İqtisadi sahəyə gəldikdə isə Hikmət Babaoğlu deyib ki, ölkəmiz yatırımların yatırıldığı bir ölkədən yəni, kapital idxal edən bir ölkədən kapital ixrac edən ölkəyə çevrilib. Bu, o deməkdir ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. Başqa bir məsələ, Azərbaycanda yeni əsasda müstəqil Azərbaycanın yeni iqtisadiyyatı formalaşarkən bir çox daxili və xarici ekspertlər bu iqtisadiyyatın məhz neft faktoru əsasında formalaşmağını iddia edərək, ölkə iqtisadiyyatın dözümlülüyü və rəqabət qabiliyyətliliyinin olmamasını proqnozlaşdırırlar: "Ancaq Azərbaycanda 10 ildə həyata keçirilən iqtisadiyyat sübut etdi ki, bu heç də belə deyil. Ölkəmizdə şaxələndirilmiş iqtisadi siyasət həyata keçirilir. Azərbaycanda bu günə qədər görmədiyimiz və alışmadığımız yeni istehsal müəssisələri yaradılıb. Ölkədə hərbi sənayenin təşkili və hərbi malların xarici bazara çıxarılması son 10 ildə həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Bu gün Azərbaycan bir sıra ölkələrə və hərbi sənayedə bəzi hallarda ixtisaslaşmış ölkələrə belə, hərbi sursat və ləvazimatlar ixrac etməyi bacarır. Hesab edirik ki, Azərbaycanın bu bazara daxil olması da ayrıca bir nailiyyət kimi qiymətləndirməlidir. Bütün bunlarla bərabər Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı maliyyə-pul siyasəti həyata keçirilib. Belə ki, manatın davamlılığı və rəqabət qabiliyyətliliyi təmin edilib. Təbii ki, bu da pul–maliyyə sisteminin vacib göstəricilərindən biridir. Bu gün Azərbyacan manatı avro ilə demək olar ki, bərabər səviyyədə alıcılıq qabiliyyətinə malikdir. Bu da Azərbaycanın pul–maliyyə siyasətinin nə qədər düzgün olmasından xəbər verir. Ancaq əsas məsələ ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda sosial dövlət formalaşıb. Yəni, bu terminologiyanın altında olan məzmun sözün həqiqi mənasında Azərbaycan dövlətinə münasibətdə öz əksini tapıb. Bəs sosial dövlət nədir? Sosial dövlət vətəndaşlarının sosial təminatlarını həyata keçirən, onların minimum yaşayış səviyyəsini təmin edən, eyni zamanda cəmiyyətdə olan gəlirlərin cəmiyyəti təşkil edən hər bir fərd arasında ədalətli bölgüsünü təmin etməkdir. Bu ədalətli bölgünün təmin olunması üçün Azərbaycan Prezidenti tərəfindən xüsusi siyasət, dövlət proqramları həyata keçirilib və Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin təmin olunması üçün müxtəlif vaxtlarda sahəvi və ümumi islahatlar aparılıb. Bu islahatlar ölkəmizin sosial sistemini, təqaüd, pensiya sistemini, gənclərin məşğulluğunun artırılmasını təmin edib.
Baş redaktor bildirib ki, burada ən başlıca məsələ ötən illər ərzində Azərbaycanda 600 mindən çox yeni iş yerinin açılmasıdır: "Gəlin görək bəs bu, nə deməkdir? Belə ki, iş yeri varsa, müəyyən təminat da vardır. Digər məsələ Azərbaycanda sənayenin digər sahələrinin inkişafı ilə bağlıdır. Azərbaycan bir il bundan əvvəl kosmik sənayesi olan ailə sisteminə qoşuldu və öz peykini kosmosa göndərməyi bacardı. Əsas bu iki istiqamətdə - hərbi və kosmik sənayenin Azərbaycanda inkişafı, Azərbaycanı 2020–ci illərdə nəzərdə tutulan inkişaf mərhələsinə yüksəldəcək. Azərbaycanda Ərzaq təhlükəsizliyi proqramı qəbul olunub və ölkəmiz özü–özünü təmin edən dövlətə çevrilib. Bu gün Azərbaycan ənənəvi aqrar sektorunu da inkişaf etdirir. Ölkəmiz özünü ət və süd məhsulları ilə təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB