"Hazırda Suriyada vəziyyət kifayət qədər gərgindir. Bildiyimiz kimi, ABŞ prezidenti Barak Obama Bəşər Əsədin cəzalandırılması ilə bağlı artıq qərar verib. Konqresin məsələyə olan münasibətini bildikdən sonra Suriyaya hücum nəzərdə tutulub. Təbii ki, bu da vəziyyəti daha çox gərginləşdirəcək. Çünki Bəşər Əsəd rejimini devirmək heç də göründüyü kimi asan olmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu Suriyadakı son vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, ola bilsin digər güclərin də prosesə fəal müdaxiləsi müşahidə olunsun: "Bu baxımdan indiki məqamda müdaxilə heç də uğurlu qərar deyil. Budan başqa, son zamanlar Suriya ətrafında cərəyan edən proseslər bir məsələyə də aydınlıq gətirdi. Belə ki, BMT dövlətlərarası münasibətləri tənzimləyən təşkilat olaraq heç bir işə yaraya bilmədi. ABŞ BMT-nin əsas aparıcı dövləti olduğuna baxmayaraq, qurumun qərarını gözləmədən, eyni zamanda BMT müşahidəçilərinin kimyəvi silahın burada tətbiq edilib-edilməməsi ilə bağlı apardığı araşdırmalar haqqında hesabat təqdim olunmadan Suriyaya hücum etmək haqqında qərar qəbul etdi. Bu da onu göstərdi ki, BMT bir təşkilat olaraq iflic olub. Suriyaya müdaxilə Yaxın şərqdəki gərgin vəziyyəti daha da pisləşdirəcək və orada böyük xaosun yaradılması prosesində təkan rolunu oynayacaq".
Suriyadakı mövcud vəziyyətlə əlaqədar qaçqınların Dağlıq Qarabağ ərazisində məskunlaşmasının geniş vüsət alması məsələsinə aydınlıq gətirən politoloq qeyd edib ki, bu prosesin arxasında təbii ki, Ermənistan dayanır: "Çünki hazırda həmin ərazilərə Ermənistan nəzarət edir. Bu baxımdan da baş verən proses Ermənistanın iradəsi ilə həyata keçirilir. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, Ermənistanın daxilində bu gün sosial partlayış həddi mövcuddur. Ermənistan öz əhalisini ölkəsində saxlamaq gücündə olmadığı üçün Suriya qaçqınlarının köçürülməsində maraqlıdır. Lakin həmin qaçqınların burada hansı şəraitdə yaşamaqları sual altındadır. Digər tərəfdən, bu məsələyə diqqət ayıracaq başqa dövlətlər də yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB