Sərraf Balaxan: "Onlar düzgün olmayan mövqeyə xidmət etməkdə israrlıdırlar"

Sərraf Balaxan: "Onlar düzgün olmayan mövqeyə xidmət etməkdə israrlıdırlar"

Yeni Azərabycan Partiyası Gənclər Birliyinin ofisinin rəhbəri Sərraf Balaxanın SƏS TV-yə müsahibəsi:

- Sərraf müəllim, bildiyimiz kimi Azərbaycan prezident seçkiləri ərəfəsindədir. Gənclərimizin bu ərəfədə seçkilərdə göstərdikləri fəallıqla bağlı nə deyə bilərsiniz?

- Bildiyimiz kimi, qarşıdan gələn prezident seçkilərinə sayılı günlər qalıb. Onu da xüsusi qeyd etmək istərdim ki, seçki prosesində ən fəal qüvvələrdən biri də gənclərdir. Vətənimizdə yaş həddi 18 olan bütün gənclər seçkilərdə iştirak etmək hüququna malikdir. Həmçinin onlar heç bir təzyiqlə üzləşmədən sərbəst şəkildə istədikləri namizədə səs verə, müstəqil seçim edə bilərlər. Biz də Yeni Azərbaycan Partiyasının gəncləri olaraq, öz seçimimizi artıq etmişik. Təbii ki, öz layiqli namizədimizi seçməklə, düzgün qərar verdiyimizə əminik. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının ətrafında 200 mindən çox gənc birləşir. Sözügedən gənclərin seçkilərdə fəal iştirak etmələri üçün bir sıra marifləndirmə işləri aparılır. Bu yaxınlarda partiyanın imzatoplama kampaniyası keçirildi və həmin gənclər orada aktiv iştirakları ilə seçildilər. Biz bir sıra fəal gəncləri seçərək, onları seçkilərlə bağlı genişmiqyaslı tədbirlərdə iştirak etməyə yönəltmişik. Demək olar ki, ölkənin bütün seçki məntəqlərində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələri iştirak edəcək. Bununla da onlar seçki prosesində şəffaflığın bərqərar olunmasına xidmət edəcəklər. Sözegedən gənclərin marifləndirmə işləri sosial şəbəkələrdə də geniş şəkildə aparılır.

- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri bir neçə lahiyə ilə çıxış etmək niyyətindədirlər. Eyni zamanda onlar öz aktiv fəaliyyətləri ilə seçilirlər. Bununla bağlı nə deyə bilərsiniz?

- Seçki kampaniyası dövründə müxtəlif lahiyələr vardır ki, onları ictimaiyyətdən sirr saxlamaq daha məqsədəuyğun olardı. Çünki biz çalışırıq ki, sözügedən lahiyələrdə daha fərqli fikirlər nümayiş etdirək, seçki prosesindəki ən müasir üsullardan istifadə edərək, Cənab Prezidentin təbliğatını müvəffəqiyyətlə həyata keçirək.

- Bildiyimiz kimi, cəmiyyətimizdə təxribata meylli gənclər də mövcuddur. Onlar icazəsiz aksiyalarda iştirak etməklə, təxribata meylli insanlara yardımçı olurlar. Sözügedən gənclərin maarifləndirilməsi ilə bağlı hansı işlər görülür?

- Mən qeyd etdiyiniz gəncləri neytral və radikal olmaqla, iki qrupa bölmək istərdim. Neytral gənclər dedikdə müxalifəti sadəcə olaraq, müşahidə edən, lakin heç bir partiyanın üzvü olmayan gəncləri nəzərdə tuturam. Radikal gənclər isə kəskin şəkildə öz fikirlərini ortaya qoyan və yanlış addımlar atdıqları üçün digərləri tərəfindən qınaq obyektinə çevrilənlərdir. Onlar bu günə qədər iştirak etdikləri mitinqlərdə xalqın rəğbətini qazana bilməyiblər. Buna səbəb onların düzgün mənsəbə qulluq etməməsidir. İctimai asayişi pozduqlarına görə, ittiham olunan gənclərin siyahısına nəzər salsaq görərik ki, onlar eynilik təşkil edirlər. Siyahı həmişə sabit olaraq, eyni insanlardan ibarət olur. Mən düşünürəm ki, onları maarifləndirmək mümkünsüz məsələdir. Çünki onlar düzgün olmayan mövqeyə, yəni müxalifətə xidmət etməkdə israrlıdırlar.

- Müsavat partiyasının rəhbərliyi mütamadi olaraq demokratiyadan danışırlar. Lakin biz onların gənclər təşkilatına üzv seçdikdə qanunsuzluqlara yol verdiklərinin şahidi olduq. Onlar tərəfindən keçirilən seçkinin nəticələrinin ləğv olunması da bunu tam şəkildə sübut etdi. Bu onu deməyə əsas verirmi ki, onların demokratiyadan xəbərləri belə yoxdur?

- Mən düşünürəm ki, sözügedən prosesə "demokratiya" sözünü daxil etmək düzgün deyil. Çünki onlar tərəfindən keçirilən bu seçki təxminən 100 nəfəri əhatə edir. Çünki belə bir sadə üsuldan orta məktəb səviyyəsində olan şagirdlər də istifadə edirlər. Diqqəti çəkən məqamlardan biri də həmin seçkinin nəticəsinin 1 həftə sonra ləğv olunmasıdır. Bu isə şəffalığın olmamasını deməyə daha bir dəlildir. Mən deyərdim ki, Müsavat partiyasının gəncləri arasında həmrəylik yoxdur. Onlar özləri öz aralarında belə vahid mövqeyə xidmət etməkdə çətinlik çəkirlər. Bu fikri nəinki onların gənclərinə, hətta partiya rəhbərlərinə də şamil etmək olar. Onlar 20 ildir prezident seçkilərində iştirak edirlər, lakin hələ də seçkiyə normal hazırlıq prosesi qaydalarını öyrənə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə