Etibar Hüseynov: “Məntiqsiz bir addım haqda nəsə demək çətin məsələdir” MÜSAHİBƏ

Etibar Hüseynov: “Məntiqsiz bir addım haqda nəsə demək çətin məsələdir” MÜSAHİBƏ

Milli Məclisin deputatı Etibar Hüseynovun SİA-ya müsahibəsi:

- Etibar müəllim ilk sualım "Milli Şura" rəhbərliyi başda olmaqla, müxalifət düşərgəsinin üzvlərinin sentyabrın 4-də Londona təşkil edəcəkləri səfərlə bağlıdır. Ümumiyyətlə, adıçəkilən qurumun üzvləri London səfərinə niyə böyük canfəşanlıq göstərirlər. Onların burada məqsədləri nədir?

- "Milli Şura" rəhbərliyinin Londona getməsi sadəcə görüntü xatirinədir. Biz bu vaxta qədər neçə belə seçkiqabağı səfərlər görmüşük. Bütün bunlar mənasız və məntiqsiz hərəkətdir. Məntiqsiz bir addım haqda nəsə demək isə çətin məsələdir. Əslində kimin hansı xarici ölkəyə səfər etməsi bir o qədər də önəmli deyil. Məntiqsizlik ondadır ki, seçki ölkəmizdə keçirilir və namizədlərə də xalq səs verəcək, hansısa London sakini yox. Bu mənada hesab eidrəm ki, Londona, Parisə, Berlinə, Moskvaya səfər etmək yox, əksinə xalqın dəstəyini qazanmağa çalışmaq lazımdır. Təbii ki, bunun üçün də xalqa deyiləsi sözün olmalıdır. Bu gün "Milli Şura"nın, ümumiyyətlə müxalifətin xalqa deməyə heç bir sözü yoxdur.

- "Milli Şura" üzvləri növbəti dəfə aksiya keçirməyi planlaşdırırlar. Siz necə düşünürsünüz, onların hansı deyə bilmədikləri sözlər qalıb ki, məhz bu aksiya vasitəsilə onu reallaşdırmaq istəyirlər?

- Aksiya keçirmək, seçkiqabağı təbliğat marafonunun bir hissəsidir. Təbii ki, namizədlər seçkiqabağı belə mitinqlər keçirə bilər. Beləcə, seçici bu kimi mitinqlərdə namizədin və onun təmsil etdiyi siyasi qüvvənin fikirləri ilə tanış olmaq imkanı qazanır. Yəni, belə mitinqlərdə bitərəf insanlar da iştirak edir və namizədin platforması ilə tanış olur. Amma müxalifətin deyəsi sözü qalmayıb. Bu mənada hesab edirəm ki, həmin mitinqlərə nəinki bitərəflər, heç onların özlərinin elan etdikləri tərəfdarları da getmir. Səbəb isə aydındır. Bir sözlə, təşkil olunacaq növbəti mitinqdə də müxalifət tərəfindən yeni fikirlər ortaya qoyulmayacaq.

- Bildiyiniz kimi, xarici ölkələrdə prezident seçkilərinə namizəd olan hər bir şəxsin özünün fondu mövcuddur. Beləcə, həmin insanlar bu fond vasitəsilə öz maliyyə imkanlarını təmin edirlər. Azərbaycanda isə bu il keçiriləcək prezident seçkilərində dövlət tərəfindən namizədlərə maliyyə yardımı ayrılmayıb. Sizcə, bu demokratik inkişafın göstəricisi deyilmi?

- Müxtəlif ölkələrdə müxtəlif qanunvericilik mövcuddur. Həmin fondlara ianələr vasitəsi ilə vəsait toplana bilər, eləcə də dövlət vəsait ayıra bilər. Əlbəttə, dövlətin namizəd üçün vəsait ayırması demokratik inkişafa yönəlik bir addım hesab oluna bilər. Çünki sosial durumundan asılı olmayaraq hər bir vətəndaş qanunun verdiyi imkandan istifadə etmək hüququna malik olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə