Asim Mollazadə: “İşğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən şirkətlərə qarşı hüquqi müstəvidə mübarizə aparılmalıdır”
"Azərbaycan işğal olunmuş ərazilərində ermənilərlə əməkdaşlıq edən bütün şirkətləri müəyyənləşdirməli və onlara qarşı müvafiq hüquqi iddialarla çıxış etməlidir". Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə ermənilərin işğal altındakı Azərbaycan ərazilərində təbii yeraltı sərvətləri talanmasına və xarici şirkətləri ora dəvət etməsinə dair məsələyə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, ermənilərin belə hərəkətləri beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir: "Azərbaycan hüquqi müstəvidə belə şirkətlərlə ciddi mübarizə aparmalıdır. Bunun üçün Azərbaycan mütəmadi işlər görməli, beynəlxalq ictimaiyyəti, xarici medianı məlumatlandırmalıdır. Azərbaycan bütün imkanlarından istifadə edərək beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı siyasəti, ekologiyaya və insanlara qarşı olan hərəkətləri ilə bağlı məsələləri qaldırmalıdır".
Qeyd edək ki, Qondarma "Dağlıq Qarabağ hökuməti" işğal altındakı Azərbaycan ərazilərində olan mis, qızıl və molibden yataqlarında qanunsuz hasilatı genişləndirir. "DQR"in geoloji xidmətinin rəisi Qriqori Qabrielyan "NEWS.am"a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi "DQR"in mis ehtiyatlarını 1 mln tona çatdırmaqdır.
Xatırladaq ki, erməni işğalınadək Azərbaycanın Qarabağ bölgəsində Ağdərənin Qızılbulaq Dəmirli yataqlarından başqa 15-dən çox mis-qızıl yataqları kəşf olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB