İlqar Eldar oğlu Məmmədovun prezidentliyə namizədliyi təsdiqlənib

İlqar Eldar oğlu Məmmədovun prezidentliyə namizədliyi təsdiqlənib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 24 və 25 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsinə baxılıb. Açıq səsvermə yolu ilə Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib.

Daha sonra İlqar Eldar oğlu Məmmədovun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinə öz təşəbbüsü ilə namizədliyinin təsdiqlənməsi məsələsinə baxılıb.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, namizədliyinin təsdiq olunması ilə bağlı İlqar Məmmədovun MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu qənaətinə gəlinib

Həmçinin iclasda İlqar Eldar oğlu Məmmədovun səlahiyyətli nümayəndəsinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

İclasın sonunda 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, ümumilikdə indiyədək 22 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Onlardan 16 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Qüdrət İsaqovun, İsmayıl Yusifovun, Elşən Həsənovun, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclunun, "REAL" hərəkatının sədri İlqar Eldar oğlu Məmmədovun prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.

Qeyd edək ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə