Baş nazirin müavini müxalifətin fəaliyyətini tənqid etdi AÇIQLAMA
"Ermənistan müstəqil olmayanadək, onun himayədarları tərəfindən işğal faktı uzadılacaq. Çünki onlar bu problemin üzərində hakimiyyətə gəliblər və hakimiyyətlərini də bu münaqişənin üzərində saxlayırlar". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Baş nazirin müavini deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı açıqlaması erməni hiyləgərliyinə hesablanıb: "Köçəryan, Sarkisyan rejimi yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həllində hansısa müsbət addım atılarsa, bu, onların hakimiyyətinin sonu olacaq. Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı verdiyi bəyanatla özünə xal qazanmaq istəyir. Hesab edirəm ki, Sarkisyan əksinə, İlham Əliyev kartından istifadə edərək, Ermənistan vətəndaşlarının etimadını qazanmaq istəyir. Çünki erməni xalqı da, siyasətçiləri də İlham Əliyevin son illər gördüyü işləri artıq dilə gətirir, qiymətləndirir, öz hakimiyyətlərinə qarşı istifadə edirlər. Onlar deyirlər ki, nə üçün Azərbaycanın inkişafı qarşılığında, Ermənistan geriləyir? Sarkisyan bu kartdan istifadə edir. Bu, erməni hiyləgərliyidir, xislətidir. Çox maraqlı haldır ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur. Ermənistanı isə narahat edən yoxdur. Ancaq beynəlxalq təşkilatların verdiyi qərarları icra edən, öz xalqının mənafeyi üçün çalışan, ölkəsinin güzəranını gündən-günə yaxşılaşdıran dövlət və Prezidentə isə bu dəstək verilmir. Yəni işğalçı dəstəklənir, işğala məruz qalana isə kömək edilmir. Dünyanın bu cür ədalətsizliklərini görürük".
Əli Həsənov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə də münasibət bildirərkən, Vladimir Putinin Azərbaycandakı inkişafı, burada rus xalqına olan müsbət münasibəti, bütövlükdə Azərbaycan xalqının Rusiyaya münasibətini öz gözləri ilə gördükdən sonra müəyyən dəyişikliklər baş verəcəyin ümid etdiyini bildirib: "Güman edirəm ki, Dağlıq Qarabağ probleminin həlli prosesi aktivləşəcək".
Komitə sədri həmçinin seçkiqabağı vəziyyəti dəyərləndirərək, müxalifətin fəaliyyətini tənqid edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövlətinin, prezidentinin əldə etdiyi nailiyyətlər dünyanın bütün ölkələrində müsbət hal kimi müzakirə olunur. Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilib. Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifətinin rüsvayçılığıdır. Onların bu vəziyyəti də müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB