Milli Şuranın dəfn edildiyi aksiya

Aksiyada misilsiz biabırçılıqlar yaşandı
Milli Şuranın dəfn edildiyi aksiya

18 avqust tarixində "Milli Şura"nın keçirdiyi aksiya bir daha sübut etdi ki, bu quruma cəmiyyətdə heç bir inam yoxdur və bu qondarma qurum öz gülünc, lazımsız oyunlarını, siyasətini bu aksiya ilə daha açıq şəkildə ortaya qoydu. Belə ki, özlərini "lider" adlandıran Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, "El" hərəkatı sədri Eldar Namazovun və digərlərinin aksiyaya təyin olunan vaxtdan 1 saat sonra gəlmələri bir daha sübut etdi ki, onlar tərəfdarlarına qarşı hörmətsizlik etməkdən zərrə qədər də çəkinmirlər, məsuliyyətsizdirlər. Həmçinin aksiyanın əvvəlində səsləndirilən Rüstəm İbrahimbəyovun aksiya iştirakçılarına ünvanladığı müraciətini heç kim dinləmirdi. Bununla onlar R.İbrahimbəyova inanmadıqlarını açıq-aşkar göstərmiş oldular.

Bununla yanaşı bir məsələni də qeyd etmək lazımdır ki, aksiyadan öncə "Milli Şura"da təmsil olunan partiya üzvləri özlərinin təşkil etmiş olduqları aksiyanın nizam-intizam qaydasına qəti şəkildə əməl etmirdilər. Dəfələrlə onlara xəbərdarlıq edilsə də yenə nizamsız bir şəkildə aksiyada iştirak edir və özlərinə xoş olan hərəkətləri etməklə tribunada çıxış edənlərin sözlərinə məhəl qoymurdular. Bu isə göstərir ki, hər zaman olduğu kimi bu gün də dağıdıcı müxalifət nümayəndələri birliyin, bərabərliyin, nizam və intizamın nə olduğunu qəti şəkildə anlamırlar.

"N!DA"çılar pivə içərək məst olmuşdurlar

Öncə onu qeyd edək ki, aksiya iştirakçıları elə aksiya başladığı zamandan etibarən, əvvəlcədən təyin edilmiş qayda-qanuna heç bir məhəl qoymadılar. Aksiyadan əvvəl plakatlar qaldırıldı, öncədən razılaşdırılmış şüarlardan əlavə şüarlar, hakimiyyət əleyhinə təhqirlər, böhtanlar səsləndirildi. Aksiyada iştirak edən dağıdıcı müxalifət gəncləri heç bir ədəb, tərbiyə qaydalarına əməl etmir, söyüş söyür və Azərbaycan gəncinə yaraşmayan işlərlə məşğul olurdular. Hətta aksiya başladığı andan etibarən bir qrup gənc pivə içərək, özlərinə "lider" hesab etdiklərinə qarşı hörmətsizlik edirdilər. Bir qrup isə tribunanın arxasında uzanaraq ümumiyyətlə, aksiyaya ciddi yanaşmırdılar. Pivə içən "N!DA"çılar o dərəcədə başlarını itirmişdilər ki, artıq bir-birlərinə də söyüş söyürdülər.

Eldar Namazov küsüb getdi

Aksiya da, Eldar Namazovun çıxışından sonra Ə.Kərimli və İ.Qəmbərin yanına qayıdaraq onlarla əsəbi halda danışmağa başlaması nəzərdən yayınmadı. Belə ki, yenə də aralarında yaranmış konflikt nəticəsində Müsavat başqanı və AXCP sədrinə qəzəblənən E.Namazov aksiyanı vaxtından əvvəl qəzəbli şəkildə tərk etdi. Məlumatlara əsasən, E.Namazovun aksiyanı tərk etməsinin digər səbəbi isə Rüstəm İbrahimbəyovun ona zəng edərək İ.Qəmbərin seçkilər barəsində dediyi fikirlərə sərt reaksiyası olub. R.İbrahimbəyovu özünə "ağa" hesab edən nökər "El" hərəkatının rəhbəri anidən anlayıb ki, R.İbrahimbəyovun nifrət etdiyi İ.Qəmbərlə eyni cərgədə durması ona baha başa gələr. Çünki, R.İbrahimbəyov onun pulunu hər an kəsə bilər.

Aksiya iştirakçıları aksiyanı vaxtından əvvəl tərk etdilər

ALP sədri Əvəz Temirxanın çıxışı zamanı bir hadisənində şahidi olduq ki, aksiya iştirakçıları aksiyanı vaxtından əvvəl və çox qəzəbli şəkildə tərk edirdilər. Hətta, iştirakçıların bir-birləri ilə söhbətindən aydın oldu ki, onlar bu aksiyaya gəldikləri üçün çox peşiman olublar. Aksiya iştirakçıları bir-birləri ilə etdikləri söhbət zamanı bildirirdilər ki, R.İbrahimbəyov onları aldadıb və bu oyuna artıq inanmaq olmaz. Bu fikirlərlə aksiyanı tərk edən iştirakçılar bir daha "Milli Şura"nın aksiyalarına gəlməyəcəklərini söyləyirdirlər. Bütün bunlar artıq "Milli Şura"nın nə dərəcədə bərbad vəziyyətdə olmasını, son günlərini yaşadığını sübut etdi.

Siyasətləri kimi özləri də natəmizdirlər

Digər bir məsələ isə ondan ibarətdir ki, aksiya iştirakçıları olan dağıdıcı müxalifət nümayəndələri həddindən ziyadə natəmiz olduqlarını göstərmiş oldular. Aksiya keçirilən meydanın hər addımı boş su şüşələri ilə dolu idi. Yaxın ətrafda zibil qutuları olmasına baxmayaraq, istifadə etdikləri əşyaları ətraflarına atmaları onların siyasi məntiqləri, düşüncələri kimi şəxsi həyatlarında da natəmiz olduqlarından xəbər verir. Qeyd edək ki, ümumiyyətlə bu insanlar heç bir mədəni, tərbiyəvi, əxlaqi normalara riayət etmir və özbaşınalıqla məşğul olurdular.

Aksiyaya 10 yaşından kiçik uşaqları da gətirmişdilər

Qeyd etdiyimiz kimi, aksiyanın əvvəlcədən razılaşdırılmış hər hansı bir qaydasına əməl etməyən dağıdıcı radikallar bütün qaydaları pozduqları kimi bir məsələyədə qeyri-ciddi yanaşmışdılar. Onlara əvvəlcədən aksiyaya 10 yaşından kiçik uşaqların gətirilməsinin qadağan olması bildirilsə də yenə bəziləri bu yaşa çatmayan uşaqları aksiyaya gətirmişdilər. Belələrinin sayı 50-ni keçmişdi. Şahidi olduq ki, 2-3 yaşında uşaqları da aksiyaya gətirən radikal müxalifət nümayəndələri olan valideynlərdə valideynlik məsuliyyəti belə yoxdur. Övladlarının yüksək hərarət altında ağlamalarınna məhəl qoymurdular. Belə insanlardan hansı hümanistliyi, insanpərvərliyi, vətənpərvərliyi gözləmək olar?!

"Milli Şura"nın fatihəsi oxundu

Sonda qeyd edək ki, bu aksiya ilə "Milli Şura"nın fatihəsi oxunmuş oldu. Artıq heç kimdə şübhə qalmadı ki, bu qondarma qurum bəzi Azərbaycanın müstəqilliyini, inkişafını gözü götürməyən xarici dairələrin və onların nökərlərinə çevilmiş dağıdıcı müxalifətçilərin növbəti şousu idi. Belə şoularla xalqın məhəbbətini qazanmağın mümkünsüz olduğunu bilməyənlər özlərini bir daha biabır etdilər və sübut olundu ki, İ.Qəmbər, Ə.Kərimli, R.İbrahimbəyov, E.Namazov, Ə.Temirxan və digərləri heç vaxt bu xalqın lideri ola bilməzlər. Onlar siyasi səhnədən təmamilə silinməlidirlər.

Cahid SÜLEYMANOV

Bütün xəbərlər Facebook səhifəmizdə