Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışı olub

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Tikintisinə 2012-ci ilin mayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz sahəsinin 75-95 kilometrlik hissəsi əsaslı sürətdə yenidən qurulub.

Yolda tikinti işləri zamanı 7 dəmir-beton körpü əsaslı təmir edilib. Bundan başqa, yol ərazisində 13 su keçidi və 7 avtobus dayanacağı, həmçinin bir yol qovşağı da tikilib.

Yolun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bütün xəbərlər Facebook səhifəmizdə