YAP-ın 20-dən artıq rayon təşkilatı imza vərəqələrini Seçki Qərargahına təqdim edib FOTOLAR

YAP-ın 20-dən artıq rayon təşkilatı imza vərəqələrini Seçki Qərargahına təqdim edib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 20-dən artıq rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin 2013-cü il oktyabr ayının 9-da baş tutacaq prezident seçkilərində iştirak etməsi üçün toplanmış imza vərəqələrini Seçki Qərargahına təqdim ediblər. SİA-nın məlumatına görə, günün I yarısı üçün gətirilən imza vərəqələri Qərargahın tərkibində yaradılan komissiyanın 6 iştirakçısı tərəfindən yoxlanılıb.

Məsələ ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, hakim partiya avqustun 13-dən etibarən imzatoplama kampaniyasına start verib:

"125 dairənin hər birindən 50 mindən az olmamaq şərti ilə imza toplamaq nəzərdə tutulub. Toplanan imzalar ümumi qaydada YAP-ın Seçki Qərargahına daxil olur. Qərargahda komissiya yaradılıb və burada imzalar qəbul edilir. İlkin olaraq hər bir imza komissiya üzvləri tərəfindən ciddi yoxlanılır. İmza vərəqələrinin Seçki Məcəlləsi və Qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulmasına nəzarət edildikdən sonra həmin vərəqələr dairələr üzrə yığılaraq səhifələnir. Ardınca Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatlarına uyğun şəkildə protokollaşdırılaraq həmin quruma təqdim olunur. Bu həftənin sonuna qədər nəzərdə tutulan qədər imzanı toplayıb MSK-ya təqdim etməyi qarşımıza məqsəd qoymuşuq".

Komissiyanın tərkibində 6 nəfərdən ibarət ekspert heyətinin fəaliyyət göstərdiyini deyən YAP icra katibinin müavini qeyd edib ki, həmin eskpertlərin içərisində Milli Məclisin üzvləri, Yeni Azərbaycan Partiyasının aparıcı mətbuat orqanlarının rəhbərləri, eləcə də hüquqşünaslar yer alıb.

Ekspert qismində çıxış edən edən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, YAP tərəfindən həyata keçirilən imzatoplama kampaniyası uğurla davam edir:

"Hər bir vətəndaş könüllü olaraq bu kampaniyada iştirak edir. 20-dən çox rayon təşkilatı günün I yarısı üçün imzatoplama kampaniyasını başa çatdırıb. Ekspertlər tərəfindən YAP-ın Seçki Qərargahına gətirilən imzalara obyektiv, dəqiq və şəffaf şəkildə nəzarət edilir. Kampaniya qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir".

Məlumat üçün bildirək ki, imza toplayanlar Seçki Məcəlləsinin və Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd edib.

Qeyd edək ki, cari ilin oktyabr ayının 9-da baş tutacaq prezident seçkilərində İlham Heydər oğlu Əliyev Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd kimi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə