Niyaməddin Orduxanlı: “Seçkilər radikal müxalifətin sonu olacaq” MÜSAHİBƏ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının Səs Tv-yə müsahibəsi:
- Niyaməddin müəllim, "Milli Şura"nın Tbilisidəki iclasından sonra Rüstəm İbrahimbəyovun Bakıya qayıtmaması şura daxilindəki gərginliyi daha da artırdı. Müxalifət düşərgəsində də etiraf edirlər ki, "Milli Şura" parçalanmaq ərəfəsindədir. Sizcə, bu fikirlər nə qədər həqiqəti əks etdirir?
- Tbilisidəki görüşdən əvvəl "Milli Şura"nın daxilində vəziyyət heç də ürəkaçan deyildi. İbrahimbəyovun iyulun 31-də Bakıya gəlməyinə ümid bəsləyən şura üzvləri aldandıqlarının şahidi oldular. Beləliklə, şura daxilində İbrahimbəyova qarşı böyük bir nifrət oyandı. 75 yaşlı kinorejissor həyatında bir gün də olsa siyasətlə maraqlanmayıb. Hər zaman təzadlı fikirlər söyləyən R. İbrahimbəyov bir vaxtlar müsahibələrində, 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyevin qalibiyyətini sevinc göz yaşları ilə qeyd etdiyini bildirirdi. İndi isə bəyanat verir ki, Azərbaycanda heç vaxt demokratik seçkilər olmayıb. Əgər Azərbaycanda demokratik seçkilər keçirilməyibsə, nəyə görə cənab İlham Əliyev prezident seçilərkən göz yaşlarını saxlaya bilməmişdi? Deməli, yaş öz sözünü deyir, bu insanın verdiyi açıqlamaları tez unudur. Tbilisi görüşü bir çox tendensiyaları aradan qaldırmağa hesablansa da, öz təsirini verə bilmədi. "Milli Şura"nın daxilində olan insanların çoxu, eləcə də Əli Kərimli hüquq təhsilli olsa da, İbrahimbəyovu vahid namizəd seçirlər. Ancaq düşünmürlər ki, onun Azərbaycan Respublikasının Konstitusiyasına görə namizədliyini irəli sürmək imkanları nə qədərdir. Yəni, sən ikili vətəndaş ola-ola necə namizəd ola bilərsən? Bunun üçün şura daxilində açıq şəkildə bir-birlərinə qarşı təhqir özünü göstərməkdədir. Hesab edirəm ki, prezident seçkilərinə qədər "Milli Şura" da "İctimai Palata" kimi, iflasa uğrayacaq.
- Tbilisidəki görüşü şou və yaxud müxalifətin biyabırçılığı adlandırırlar. Bununla onlar diqqət mərkəzinə çevrilməyi hesablayırdılar. Bunu Azərbaycan müxalifətinin siyasi cəhətdən yetkin olmaması ilə əlaqələndirmək olarmı?
- Bütün bunlar seçkiyə hesablanmış bir addım idi. İbrahimbəyov radikal müxalifətin namizədi kimi tanınır. O, bütün müxalifətin adından çıxış edə bilməz. Bu gün Azərbaycan müxalifətinin kifayət qədər sözünü deyə biləcək qüvvələri var və onlar da bu il keçiriləcək prezident seçkilərində öz namizədləri ilə iştirak edəcəklər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası öz qurultayında partiyanın sədri Qüdrət Həsənquliyevin namizədliyini irəli sürdü və prezident seçkilərində müxalifət partiyası kimi iştirak edəcək. İbrahimbəyov ümumi müxalifətin deyil, radikal müxalifətin namizədidir. Bir sözlə, o, bizim üçün ciddi rəqib deyil.
- Rüstəm İbrahimbəyovdan ümidlərini üzən "Milli Şura" üzvləri Eldar Namazovu onunla əvəz etmək fikrinə düşüblər. Sizcə, Lalə Hacıyeva, İsa Qəmbər, Əli Kərimli və digərləri buna güzəştə gedə biləcəklərmi?
- Mənim heç inanmağım belə gəlmir ki, İsa Qəmbər Eldar Namazovu dəstəkləsin. Çünki E. Namazov çox zəif siyasətçidir, ona görə də özünə hələ də bir partiya qura bilməyib. Onu heç cəmiyyətdə tanımırlar, o ki qaldı namizədliyini dəstəkləsinlər. Bu baxımdan onun dəstək alacağı şübhə doğuran məqamdır. İbrahimbəyov isə Azərbaycanın hakimiyyətinə, milli maraqlarına zərbə vurmaq üçün Rusiyanın bəzi dairələrinin hazırladığı planın icraçısıdır. Bizim radikal müxalifətin başçıları artıq görürlər ki, nəinki Rusiyanın yuxarı dairələri, heç aşağı dairələri də dövlətimizə təzyiq edə bilmir və bilməyəcək. Buna görə başqalarına tərəf yönəlməyə çalışırlar. Mənim fikrimcə, İsa Qəmbər son şansı kimi bu seçkilərdə özü namizəd kimi iştirak edəcək. Bunlar özləri etiraf edirlər ki, bu il keçiriləcək prezident seçkiləri son şanslarıdır. 2013-cü il prezident seçkilərini radikal müxalifətin sonu kimi dəyərləndirirəm. Bunlar seçkilərdə məğlubiyyətə uğramaqla, Azərbaycan siyasətində rollarını başa vurmuş olacaqlar.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB