Elçin Mirzəbəyli: “Bir siyasətçi, yaxud siyasi düşərgə üçün bundan acınacaqlı durum olmaz” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bir siyasətçi, yaxud siyasi düşərgə üçün bundan acınacaqlı durum olmaz” AÇIQLAMA

"Radikal müxalifət düşərgəsində acınacaqlı bir hal yaşanır. Dünənə kimi Qərbə inteqrasiya yolunu tutduğunu bəyan edən, Qərb dəyərlərindən danışan radikal müxalifət düşərgəsinin bütün fəaliyyəti Rusiyadan asılılıq üzərində qurub". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə və ölkə müxalifətinin bu səfərə yüksək səviyyədə hazırlaşmasına münasibət bildirərkən söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, radikal düşərgənin üzvləri üçün ümumiyyətlə hədəf deyilən anlayış yoxdur: "Bu adamlar istənilən halda öz bəsit siyasi maraqları naminə ideoloji yönlərini, bu günə elan etdikləri strategiyanı, hədəflərini dəyişməyə hazırdırlar. Əslində isə bu, acınacaqlı durumun göstəricisidir. Əgər bir ölkənin müxalifəti başqa ölkənin liderindən asılı vəziyyətə düşdüyünü ortaya qoyursa, bu onu sübuta yetirir ki, radikal düşərgə bütövlükdə Azərbaycan xalqının iradəsinə söykənmir, əksinə xaricdə himayədar axtarır. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və burada danışıqlar aparması, eyni zamanda ölkə prezidenti İlham Əliyevin Rusiyaya qarşılıqlı səfəri normal haldır. Bu, dövlətlərarası münasibətlərdə tələb olunan və nəzərə çarpan bir amildir. Lakin radikal müxalifət düşərgəsi bir müddət öncə inkar etdiyi bir reallığı ortaya qoyub. Bir müddət öncə biz deyəndə ki, Rüstəm İbrahimbəyov özü danışmır, onu məhz Moskvadakı bəzi dostları danışdırır, bu insan öz fikirlərini yox, xarici qüvvələrin maraqlarını müdafiə edir və s... O zaman radikal müxalifət təmsilçiləri bu həqiqətləri inkar etmək üçün "daş atıb başlarını tuturdular". İndi isə bütün ümidlərini İbrahimbəyovu danışdıranların mərhəmətinə bağlayıblar. Bir siyasətçi, yaxud siyasi düşərgə üçün bundan acınacaqlı durum olmaz. Normal siyasi düşüncəyə malik olan insanlar belə vəziyyətdə siyasi səhnəni tərk edib gedirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə