Siyavuş Novruzov: "Onların erməni mənşəli adamın otelindən kənarda görüşməsi təəccüb doğurardı"

Siyavuş Novruzov: "Onların erməni mənşəli adamın otelindən kənarda görüşməsi təəccüb doğurardı"

"Rüstəm İbrahimbəyovun ermənilərlə çoxdan münasibətləri var". SİA-nın verdiyi məlumata görə, bunu publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Milli Şura üzvlərinin Rüstəm İbrahimbəyovla görüşünün Tiflisin mərkəzində erməni əsilli Gürcüstan vətandaşı Andrey Nersesyana məxsus "Vera Palace" otelində baş tutmasına münasibət bildirən S.Novruzov bunun bağışlanmaz addım olduğunu deyib: "Rüstəm İbrahimbəyov ermənilərlə münasibətlərinin yaxşı olmasını dəfələrlə müsahibələrində etiraf edib. O deyirdi ki, ermənilər Bakıdan çıxarılandan sonra azərbaycanlıların mədəni səviyyəsi aşağı düşdü. O bildirirdi ki, Azərbaycanda yaşayan insanlar və azərbaycanlıların səviyyəsi ermənilərdən qat-qat aşağıdır. Rüstəm İbrahimbəyov bunu ermənilər haqqında söyləyib və hər kəs də həmin müsahibə ilə tanış ola bilər. Rüstəm İbrahimbəyov bu yaxınlarda verdiyi digər müsahibəsində də deyib ki, erməni rəhbərlərindən savayı erməni xalqı yaxşı xalqdır. Azərbaycan müstəqillik qazandıqdan və Dağlıq Qarabağ münaqişəsi ortaya çıxandan sonra Rüstəm İbrahimbəyov 2003, 2006 və 2008-ci illərdə ermənilərlə birgə film çəkib. Bütün bunların hamısı bir daha göstərir ki, Rüstəm İbrahimbəyovun ermənilərlə əlaqəsi yaxşıdır. Rüstəm İbrahimbəyovun erməni mənşəli adamın otelindən kənarda görüşməsi təəccüb doğurardı. Milli Şuranın tərkibinə də baxsaq görərik ki, burada təmsil olunanların hamısında erməni sevgisi var. Baxın, "Daş yuxular"ı yazan Əkrəm Əylisi və ermənilərlə münasibət saxlayan digər adamların hamısı Milli Şurada toplanıblar. Bundan əlavə, əslən erməni olan Leyla Yunus da buradadır. Leyla Yunusun həm özü, həm də həyat yoldaşı Arif Yunus ermənidir. Hətta, bunu özləri də etiraf edir. O vaxtı da sosial demokratlarla görüşlərə gedəndə deyirdi ki, mən erməniyəm, ona görə də erməniləri mən qəbul edəcəm və sairə. Mən onların ermənilərlə əlaqədə olmasından təəccüblü heç nə gözləmirəm".

Xatırladaq ki, bu gün Bakı vaxtilə saat 18.30-da Tiflisin mərkəzində yerləşən "Vera Palace" otelində Milli Şurada təmsil olunan bir sıra müxalifət partiyaları rəhbərlərinin və funksionerlərinin Rüstəm İbrahimbəyovla görüşü başlayıb. Görüşdə Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və başqaları iştirak edirlər.

Onu da bildirək ki, "Vera Palace" oteli hazırda Andrey Nersesyanın oğlu tərəfindən idarə olunur. A.Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə