Müşfiq Ələsgərli: “Hansısa bir avropalının bizi anlaması qəliz məsələdir” MÜSAHİBƏ

Müşfiq Ələsgərli: “Hansısa bir avropalının bizi anlaması qəliz məsələdir” MÜSAHİBƏ

Jurnalistlərin Həmkərlar ittifaqının sədri Müşfiq Ələsgərlinin SƏS TV-yə müsahibəsi:

- Müşfiq müəllim, Azərbaycanda Milli Mətbuat gününün qeyd olunması sizi nə dərəcədə qane etdi?

- Azərbaycanda Milli Mətbuat günün bayram kimi qeyd edilməsi artıq demək olar ki, 10 ildən artıq tarixi əhatə edir. Bu günün keçirilməsində ildən-ilə yeniləşmənin və təkmilləşmənin müşahidə olunması sevindirici haldır. Builki mətbuat bayramının özünəməxsus xüsusi özəlliyi oldu. Bu özəllik ondan ibarətdir ki, bir neçə gün bundan öncə qeyd edilən Milli Mətbuat Günü dövlət başçısının xüsusi qayğısı ilə müşayiət olundu. Prezidentin bu bayram tədbirinə qatılması jurnalistlərin iki qat sevincinə səbəb oldu. Mən deyərdim ki, Azərbaycanda azad sözün, azad jurnalistikanın mövcudluğu üçün kifayət qədər addımlar atılır. Mən əvvəllər qeyd etdiyim kimi, yenə də vurğulamaq istəyirəm ki, biz müasir Azərbaycan mediasını problemlər və təzyiqlərlə üzləşməyən bir media kimi qiymətləndirə bilərik. Onun rastlaşdığı problemlər yalnız qlobal, bütün dünyada mövcud olan medianın rastlaşdığı problemlərdir. Necə ki, bu çatışmazlıqlar Amerikada, İsveçrədə və dünyanın digər inkişaf etmiş ölkələrində də vardır. Builki mətbuat gününün təşkilində ən yadda qalan məqamlardan biri də Prezident İlham Əliyevin sərəncamı ilə sosial vəziyyətin yaxşılaşdırılması üçün media nümayəndələrinə mənzillərin verilməsi oldu. Bu, jurnalistlərdə və onların ailələrində ikiqat sevincə səbəb oldu. Əvvəla, 156 jurnalist həmkarımız evlə təmin olunursa bu bizim üçün xoş sevindirici haldır. Digər tərəfdən, dövlət başçısının jurnalistlərin gündəlik məişət qayğıları ilə maraqlanması onların dövlətin qayğısı ilə nə dərəcədə əhatə olunmasını göstərən amillərdən biridir.

- Jurnalistlərin evlə təmin olunması dünyada analoqu olmayan bir prosesdir. Bu haqda nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, mən beynəlxalq təşkilatlarla işləyən bir orqanın rəhbəriyəm və belə praktikaları geniş şəkildə araşdırırıq. Araşdırmalardan gəldiyim qənaətə görə, dünyada jurnalistlərin mənzillə təmin olunması kimi halın heç bir bənzəri və analoqu yoxdur. Keçmiş Sovet məkanda, sosialist ölkələrin heç birində KİV-ə yardım edən hər hansı donor təşkilatı belə olmayıb. Beynəlxalq aləmdə bu sahədə bilgilərin olmasına baxmayaraq, onlarda sözügedən məsələ ilə bağlı təcrübə yoxdur. Məhz buna görə də, Azərbaycanın bu addımı analoqu olmayan qayğı nümunəsi kimi qiymətləndirilir. Azərbaycanda jurnalistlərə mənzillərin verilməsi nəinki MDB məkanında, hətta dünyada rast gəlinməyən qürurverici bir haldır. Mən bunun dünya praktikasına yad bir element olduğunu, sözügedən praktikaya zidd olacağını düşünənlərə xitab edərək demək istəyirəm ki, mediaya dövlət yardımı iddiası və bunun təcrübədə tətbiq olunması dünyada artıq mövcuddur. Sadəcə olaraq, hər bir ölkə onu öz yerli şəraitinə və şərtlərinə uyğun olaraq icra edir. Mən yanlış iddiaları gündəmə gətirənlərə və cəmiyyəti bu kimi fikirlərlə çaşdırmaq istəyənlərin nəzərinə çatdırmaq istərdim ki, ABŞ-dan tutmuş digər dövlətlərə qədər buna bənzər praktikalar bir çox yerlərdə həyata keçirilib. Hətta bir sıra dövlətlərdə mətbuatın büdcəsinin dövlət tərəfindən maliyyələşdirilməsi kimi praktika da mövcuddur. Bu gün Azərbaycana demokratiya dərsi keçmək istəyən Danimarkaya nəzər yetirsək görərik ki, orada medianın inkişafı üçün xüsusi fond fəaliyyət göstərir. Bu cür praktikalar dünyada yüzlərcədir. Mən sözügedən mövzu ilə əlaqədar yanlış fikirlər səsləndirənlərə təsdiqlənmiş sübutlarla layiqli cavab verə bilərəm. Azərbaycan Prezidentinin böyüklüyü məhz ondadır ki, o, bu yardımı məhz ictimai sifariş əsasında həyata keçirdi. Doğrudan da mənzilsizlik problemi Azərbaycan jurnalistlərində mövcud idi, hətta mənim rəhbərlik etdiyim təşkilat bu məsələni fasiləsiz olaraq gündəmə gətirib. Mən indi yanlış fikirlərlə cəmiyyəti çaşdıranların təşkil olunmuş yığıncaqlarda etdikləri çıxışlarında belə bir yardımın edilməməsində dövləti qınadığının şahidi olmuşam. Bu uzaq bir keçmiş deyil, mən bunun müxalifət mediasının çıxışlarında, yazılarında öz əksini tapdığını onlara sübut belə edə bilərəm. Onlar indi istədiklərinə nail olublar, sadəcə qərəz yaratmaq, şər yaxmaq üçün lüzumsuz və heç bir əsası olmayan iddialar səsləndirirlər. Mən sualın cavabına yekun olaraq onu qeyd etmək istəyirəm ki, belə yardımlar dünya mediasında da var, sadəcə olaraq Azərbaycan bunu öz xalqının sifarişinə uyğun olaraq həyata keçirib.

- Əgər bəzilərinin dediyi kimi, bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salmağa yönəlmiş bir addımdırsa, onda niyə onlar təşkil olunan KİV-ə Dövlət Dəstək Fondunun yardımından imtina etmirlər? Bunların hər ikisi mahiyyət etibarı ilə eynilik təşkil edir. Əksinə, onun maddi miqdarı bundan daha çoxdur. Bəlkə də illərdən bəri edilən bu yardımın məbləği 50-70 evin dəyərindən də çoxdur. Sizcə, mənzillərin verilməsi ilə müxalifət qəzetlərində ədalət prinsipi gözlənildimi?

- Bəli, ədalət prinsipi tam şəkildə gözlənildi. Lakin müxalifətə nə qədər ədalətli mövqe nümayiş etdirsən də, onlar bəhanə tapmağa, ləkə yaxmağa çalışırlar. Biz məsələ ilə bağlı iki qütblü etirazların olacağını gözləyirdik. Belə ki, mənzilə ehtiyacı olanlar çoxdur. Bir neçə mənzilin verilməsi ilə bu çoxluq təşkil edən problemi aradan qaldırmaq mümkün deyil. Təbii ki, təmin olunmayanların təmin olunanlara nəzərən etirazçı olacağı gözlənilən haldır. İkinci tərəf isə artıq bizdə 10 ilin praktikasıdır ki, hər zaman ittiham etməyə hazır olan və bundan müəyyən gəlir güdən qüvvələr var. Bildiyimiz kimi, Azərbaycanda demokratiya mövcud olduğundan, hər cür fikrə rast gəlmək olar. Müəyyən qərəzli qüvvələr mövcud olduğuna görə, belə ittihamların ortaya çıxacağı bəllidir. Mən deyərdim ki, bu bölgü kifayət qədər ədalətli aparıldı, dövlətçilik, millətçilik baxımından xidməti olan jurnalistlərin böyük əksəriyyəti ədalətli şəkildə mənzillə təmin olundular. Yeri gəlmişkən, mən onları təbrik etmək istəyirəm. Onu da qeyd edim ki, əgər jurnalistləri evlə təmin edən Azərbaycan yox, başqa inkişaf etmiş dövlətlərdən biri olsaydı, qərəzli qüvvələrin səsi boğulacaqdı. Bu cür çıxışlar etməyəcəkdilər.

- Azərbaycan jurnalistikasının bugünkü durumunu nəzərə alıb, Azərbaycan jurnalistlərinə nə kimi müraciət edərdiniz?

- Mən demək istərdim ki, hər hansısa bir avropalının bizi anlaması bir az qəliz məsələdir. Çünki onların düşüncəsində ev, mənzil anlayışları tamamilə başqa dəyərlər sistemidir. Ancaq Azərbaycan da bu xeyir-duaya əsaslanır. Əxlaqı dəyərləri olan hər bir azərbaycanlı xeyir-dua verməyə və ya almağa çalışır. Mən mənzillə təmin olunmasaydım da, olduqca fərəh, sevinc hissi keçirərdim. Çünki Azərbaycan Prezidenti özü şəxsən, jurnalistin məişət qayğısının aradan qaldırılmasına çalışıbsa, bu, bizim üçün kifayətdir. Bizə qarşı bu diqqət və qayğı varsa, deməli bunun davamı da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə