Bəxtiyar Sadıqov: “Ağdamın işğalında təqsirkar o dövrdə hakimiyyətdə olmuş iqtidardır” MÜSAHİBƏ
Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru, Bəxtiyar Sadıqovun SƏS TV-yə müsahibəsi:
- Bəxtiyar müəllim, Azərbaycanın qala qapısı olan Ağdam rayonunun erməni-rus hərbi birləşmələri tərəfindən işğalından 20 il ötür. Bir ağdamlı və bu rayondan Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən şəxs olaraq işğalla bağlı nə deyə bilərsiniz? Uzun müddət müdafiə olunan Ağdam niyə gözlənilmədən təslim oldu?
- Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi, güclü iqtisadiyyatı, eyni zamanda böyük potensialı olan bir rayonu idi. Bütün bu kimi özəlliklərə məxsus olan Ağdamı işğal etmək ermənilərin heç ağıllarına da gəlməzdi. Çox təəssüflər olsun ki, onların ağıllarına belə gətirmədiyi bu hadisə baş verdi. 20 ildir ki, biz Ağdamsız bu ağrını, acını yaşayırıq. Mən onu da xüsusi qeyd etmək istəyirəm ki, Ağdam müharibə zamanı aparılan hərbi əməliyyatların mərkəzi idi. Müharibə dönəmində mən hərbi müxbir kimi Ağdamda işləyirdim və ailəmlə orada yaşayırdım. Müharibənin birinci mərhələsi bitənə qədər mən orada oldum. Hər şey gözlərimin qarşısında canlı olaraq cərəyan edirdi. Həmin prosesləri izləyəndə görürdüm ki, sakinlər müharibədən çəkinmədən, ölümə gözlərinə dik baxaraq, qorxmadan Ağdamı müdafiə edirdilər. Onlar son damla qanlarına qədər Ağdamı düşmən işğalından qorumaq üçün döyüşməyə hazır idilər. Əfsus ki, orada şəhid olanların qanları yerdə qaldı. Bunun da başlıca, ən böyük təqsirkarı o dövrdəki hakimiyyətdə olmuş iqtidardır. Onlar o zaman vətənin müdafiəsini deyil, özlərinin hansı yolla hakimiyyətdə qalmaları haqqında fikirləşirdilər. Azərbaycan ordusunun yaranması və gücləndirilməsi istiqamətində heç bir iş görmürdülər. Bütün qüvvələrini Bakıya toplayıb, yalnız öz hakimiyyətlərini əldə verməmək haqqında fikirləşən keçmiş iqtidar Ağdamın və digər rayonların ermənilər tərəfindən işğal olunmasına şərait yaratdılar. Bütün bu cərəyan edən hadisələrə nəzər yetirəndə aydın görürdük ki, Ağdamı geri qaytarmaq mümkün olmayacaq. Belə bir proses ancaq o zaman reallaşa bilərdi ki, dövlətin başında Ulu Öndər Heydər Əliyev durardı. Necə ki, həmin dövürdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda sabitliyi təmin etmiş, Sovet ordusunu sülh yolu ilə ərazidən kənarlaşdırmışdı. Lakin bu sabitlik Azərbaycanın digər bölgələrində yox idi, çünki həmin əraziləri idarə edənlərin başlıca fikri hakimiyyətdə qalmaq, nəyin bahasına olursa, olsun kürsünü əldən verməmək idi. Mən onları erməninin əsil havadarları, onlara şərait yaradanlardan biri kimi qiymətləndirirəm. Erməni ağlına belə gətirə bilməzdi ki, Azərbaycan ərazilərini nə zamansa işğal edə biləcək. Ermənilər öz güclərinin zəif olduğuna yaxşı bələd idi. Ağdam o zaman Qarabağın simvoluna çevrilmişdi. Ağdamı qorumaq üçün nəinki Qarabağdan, hətta Azərbaycanın digər bölgələrindən də könüllü sürətdə gənclər gəlirdilər. Bu faktı respublikamızın hər yerində, hətta müharibə getməyən rayonlarda belə şəhidlər qəbirstanlığının olması təsdiqləyir. Təəssüflər olsun ki, dünya bu haqsızlığa hələ də göz yumur və dünyada ikili standartlar hökm sürməkdədir. Azərbaycanın 20 faiz ərazisinin işğal altında olmasına baxmayaraq BMT qəbul etdiyi 4 qətnaməni icra etməkdən boyun qaçırır. ATƏT-in həmsədrləri, Avropa Şurası danışıqlar imitasiyası edirlər. Onlar hesab edirlər ki, ermənin xətrinə dəymək olmaz, ona sanksiya tətbiq etmək düzgün olmaz. Tarixə nəzər salsaq görərik ki, dünyada həmişə ədalətsizlik hökm sürüb, lakin Azərbaycana qarşı edilən ədalətsizlik ən yüksək həddədir. Xocalıda cinayət törədən, neçə-neçə insanı vəhşicəsinə qətlə yetirən canilər hələ də beynəlxalq tribunal qarşısında cavab verməyiblər. BMT-də yenicə qəbul olunan qətnamənin mürəkkəbi qurumamış dərhal icrasına başlanılır. Liviya ilə bağlı qəbul olunan qətnamələrin dərhal icra olunmasına baxmayaraq, Azərbaycanda bu illərdir baş tutmur. Beynəlxalq təşkilatlar özlərinə hörmət qoymurlarmı? Azərbaycanın artıq səbir kasası daşıb, biz artıq ATƏT və digər onun kimi qurumların nazı ilə oynamaqdan yorulmuşuq. Qarabağın işğal altında olan ərazilərində narkomaniya baş alıb gedir. Vətənimizin dilbər güşəsini narkomaniyanın mənbəyinə çeviriblər. Biz öz ərazilərimizi qorumaq hüququndan məhrum olmuşuq. Bu nəinki Azərbaycana, hətta bütün dünyaya zərər verir. Orada yetişdirilən narkotik maddələr bütün dünyaya satılaraq dünyanı zəhərləyir. Həmin ərazilərdə təlim keçən terroristlər dünya üçün hər an təhlükə mənbəyidir. Dünya qanunları hələ də ermənin ayaqları altına atılıb tapdalanır.
Azərbaycan 26 iyun tarixində möhtəşəm, dünyaya meydan oxuyacaq hərbi parad nümayiş etdirdi. Biz həmin parada ən müasir silahları, hərbi avadanlıqları görə bilərdik. İstənilən vaxt Azərbaycan öz ordusunun gücünə vətənin ərazisini işğaldan azad edə bilər. Cənab prezidentimiz İlham Əliyev çox gözəl vurğuladı ki, Azərbaycan öz ərazisinin bir qarışını belə düşmənə verməyəcək. Cənab Prezidentimiz İlham Əliyev prinsipial mövqe nümayiş etdirir, erməniləri əmin edir ki, Qarabağın işğal olunmuş ərazilərini hər qarışını geri qaytaracaq. Biz Ali Baş Komandanın əmrinə müntəzirik. Hücum əmri verilən zaman hər kəs görəcək ki, Azərbaycanın Mübariz İbrahimov kimi düşmənin gözünə dik baxan oğulları var. Lakin biz istəyirik ki, dünya özünə hörmət etsin, Qarabağ məsələsi ilə məşğul olan qurumlar öz qəbul etdiyi sənədlərə hörmətlə yanaşsın. Məsələni sülh yolu ilə həll etmək yönündə imzaladığı sənədləri bir kağız parçasına çevirməyib, özlərinə hörmətlə yanaşsınlar.
- Necə düşünürsünüz, Ağdamı digər işğal olunan rayonlar kimi Bakıda hakimiyyət uğrunda gedən savaşın qurbanı olduğunu söyləmək olarmı?
- Ermənistan Azərbaycanda yaranmış situasiyadan, qeyri-sabitlikdən, hakimiyyət uğrunda ard-arası kəsilməyən mübarizədən istifadə edərək çoxdan hazırlanmış məkrli planı icra etmək istəyirdi. Ulu Öndər Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan on beş gün sonra bu şərəfsiz, məkrli plana start verildi. Həmin dövrdə çox təəssüf ki, Azərbaycan rəhbərliyi nə Azərbaycan xalqını səfərbərliyə ala bildi, nə ordu quruculuğu ilə məşğul oldu, nə də ki, kəndlərin müdafiəsini təşkil edə bildi. Şübhəsiz, burda həm erməni xisləti, planı var, həm də Azərbaycan tərəfinin müdafiəyə hazır olmaması, Azərbaycanın hakimiyyət uğrunda davanı torpaqların müdafiəsindən üstün tutması, yiyəsizlikdən, torpaqlarımız xalqın həqiqi, vətəni, torpağı sevən oğlunun olmamasından işğal olundu. Bütün bunlar Azərbaycana qarşı hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış ssenarinin davamı idi. O dövrdə də Azərbaycanın müstəqilliyini qırmızı taun əlindən aldı. Bu dəfə də eyni ssenarinin müxtəlif forması idi. Əgər Ulu Öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, əminəm ki, torpaqlarımız işğal olunmazdı, müharibə olsaydı belə torpaqlarımızı qoruyub saxlayacaqdı.
- Bu gün Azərbaycanın 59 rayonunda 130 min ağdamlı qaçqın və məcburi köçkün məskunlaşıb. Onların sosial, məişət və digər problemlərinin həlli ilə bağlı hansı addımlar atılır?
- Müharibənin ilk dövrünü çox yaxşı xatırlayıram. Qaçqınçılıq fəlakəti torpaqların itirilməsindən daha ağır idi. İnsanlar hara gedəcəklərini, necə yaşayacaqlarını, həyatlarını necə quracaqlarını kəsdirə bilmirdilər. Ağdamdan Yevlaxa doğru gedən yolun kənarlarına köçlər tökülmüşdü. İnsanlar bilmirdi ki, Bakıya sarı gəlsinlər ya geri qayıtsınlar. Çox dəhşətli bir vəziyyət idi. Dövlətin özü də bu işlərlə məşğul olmurdu. Yaxşı yadımdadır, ilk olaraq Kəlbəcər və Ağdam qaçqınlarını Bakıya buraxmadılar. Ağdamlı qaçqınların bu vəziyyəti ilə bağlı Ulu Öndər Heydər Əliyev xəbər tutan kimi dərhal qarşısını aldı. İlk dəfə sistemli olaraq dövlət tərəfindən yardımın edilməsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlandı. O dövrdə Azərbaycanın iqtisadi vəziyyəti çox zəif idi, büdcədə vəsait yox idi. Amma Ulu Öndər Heydər Əliyev dünyada böyük nüfuz sahibi idi. Bütün beynəlxalq təşkilatlara, dövlətlərə müraciətlər olundu və Azərbaycana sistemli şəkildə humanitar yardımlar göstərilməyə başlandı. Daha sonra çadır şəhərcikləri salınmağa başladı. Burada da insanlar çox çətin vəziyyətdə yaşayırdılar. Amma o dövr arxada qaldı və Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlər üçün yeni şəhərciklərin salınmasına xərcləndi. Bundan sonra bu proses sistemli şəkildə davam etdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev bu məsələdə daha prinsipial və qətiyyətli addımlar atdı. Çünki Ulu Öndər Heydər Əliyevin başladığı işi başa çatdırmaq üçün maddi durum yaxşılaşmışdı. Ard-arda müxtəlif qaçqın şəhərcikləri salınmağa başlanıldı. Bu gün 78 müasir tipli qəsəbə salınaraq qaçqın və məcburi köçkünlərimizin ixtiyarına verilib. Qaçqın və məcburi köçkünlərimizin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması ilə bağlı dövlət proqramı 2004-cü ildə başa çatdı. Komunal şəraiti yaxşı olmayan yerlərdə yaşayan qaçqın və məcburi köçkünlərimiz sistemli şəkildə müasir qəsəbələrə köçürülür. 2014-cü ildə bu problem tamamilə həllini tapacaq. Artıq Abşeron rayonu Qobu qəsəbəsinin yaxınlığında 90 min nəfərlik yeni bir şəhər salınır. Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı var. Amma bunların heç biri torpaq ağrısını əvəz edə bilmir. Ölkə başçısı cənab İlham Əliyev də deyib, bütün məcburi qaçqın və məcburi köçkünlərimiz də bilir ki, tikilən qəsəbələr müvəqqətidir. Bu insanlarda ailə qurmalı, təhsil almalıdır. Amma torpaqlarımız alınan kimi hər biri öz yurd-yuvalarına qayıdacaqlar. Əvvəlkindən də yaxşı Ağdam inşa olunacaq, inkişaf edəcək. Hələlik hər birimiz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik və onun Ali Baş Komandan kimi "irəli" əmrini gözləyirik.
- Təbii ki, bizim qarşımızda duran müqəddəs vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarını təmin etməkdir. Sizcə, bu müqəddəs vəzifənin yerinə yetirilməsində bizə nə mane ola bilər?
- Torpaqlarımızın azad olunmasında Azərbaycanın nə iqtisadi, nə hərbi, nə insan potensialı cəhətdən heç bir çətinliyi, problemi yoxdur. Bizim kifayət qədər gücümüz var. Ordumuzun təminat və təchizatı yüksək səviyyədədir. Ancaq hələ ki, beynəlxalq qurum və təşkilatlar məsələnin sülh yolu ilə həllini tövsiyyə edirlər. Azərbaycan isə hələlik bu tövsiyyələrə əməl edir. Çalışırıq ki, danışıqlar yolu ilə məsələ həll olunsun. Son dövrlər sülh danışıqlarında fasilələr yaranıb. Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır. Bu haqqı ona beynəlxalq hüquq verib ki, işğal altında olan torpaqlarını azad etsin. Müharibə bütün hallarda dağıntıdır, insan itkisidir. Müharibə nakam ömrlərin yarıda qırılmasıdır. Hələlik Azərbaycan səbir edir. Eyni zamanda qüdrətlənir, ordusunu gücləndirir, beynəlxalq arenada söz sahibinə çevrilməklə həmin həlledici ana hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB