Prezident jurnalistlər üçün tikilmiş binanın açılışında iştirak edib YENİLƏNİB
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılış mərasimində iştirak edib. SİA-nın məlumatına görə, əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verib ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edilib ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunub. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülüb. Həyətdə uşaq meydançası quraşdırılıb, müxtəlif attraksionlar qoyulub. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Jurnalistlərə mənzil verilməsi təcrübəsinin ilk dəfə Azərbaycanda tətbiq edildyini deyən Prezident İlham Əliyev burada gələcəkdə gözəl kompleksin yaradılacağını, bu ərazidə yeni infrastruktur layihələrinin reallaşdırılacağını, ətrafın abadlaşdırılacağını söyləyib. Mənzil alan jurnalistlər arasında müxtəlif siyasi baxışlara malik insanların olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, bir daha göstərir ki, ölkəmizdə ayrı-seçkiliyə yol verilmir.
Cəmiyyətin inkişafında jurnalistlərin rolunun böyük olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə azad jurnalistikanın fəaliyyət göstərdiyini bildirib. Dövlətimizin başçısı demokratik cəmiyyətin inkişafında azad jurnalistikanın rolundan danışıb. Azərbaycanda söz və mətbuat azadlığının tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, son illərdə jurnalistlərin peşəkarlığı və məsuliyyət hissi artıb. Dövlətimizin başçısı Azərbaycanın uğurlarının və həqiqətlərinin dünyaya yayılmasında, ölkədə vətəndaş cəmiyyətin formalaşmasında mətbuatın xidmətlərindən də danışıb. Prezident İlham Əliyev bildirib ki, KİV nümayəndələrinə dəstək və onların sosial məsələlərinin həllinə bundan sonra da böyük diqqət göstəriləcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) əməkdaşı Bətul Ayvazlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Prezident İlham Əliyevə KİV nümayəndələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.
Dövlətimizin başçısı binada "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində olub. Bildirilib ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil var. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.
Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış olub. Binadakı mənzillərin hamısı sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.
Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaq. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcək. Bina bütün zəruri infrastrukturla təmin ediləcək.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB